“İran ərazisindən yolun çəkilməsi Zəngəzur dəhlizi məsələsinin arxa plana atıldığının göstəricisidir”.
Bu fikirləri Ednews-a açıqlamasında Azərbaycan Milli Məclis deputatı və politoloq Azər Badamov bildirib. O, hesab edir ki, Ermənistan könüllü şəkildə bu dəhlizi Azərbaycana verməlidir, əks halda bu onun özünütəcrid edilməsi ilə nəticələnəcək.
“Prezident İlham Əliyevin sərəncamı ilə Araz çayı üzərində körpünün tikintisi ilə bağlı 14 milyon manat maliyyənin ayrılması İran ərazisindən keçərək Naxçıvanı birləşdirəcək yeni yolun qısa zaman kəsiyində tikilib istifadəyə veriləcəyinə yol açacaqdır. Tikinti işlərinə artıq başlanılmış və ayrılmış vəsait görüləcək işləri sürətləndirəcəkdir. İran ərazisindən yolun çəkilməsi Zəngəzur dəhlizi məsələsini arxa plana atıldığının göstəricisidir. Bununla yanaşı Zəngəzur dəhlizi məsələsi də gündəmdədir və Ermənistan öz öhdəliklərini icra edəcəyi təqdirdə açıla bilər. Azərbaycana dövlətinin Ermənistanın suverən ərazilərində güc yolu ilə Zəngəzur dəhlizi açmaq niyyəti yoxdur. Ermənistan könüllü şəkildə bu dəhlizi Azərbaycana verməlidir. Əks halda Ermənistanın uzun illərdə olduğu kimi dünyaya qapıları yenə bağlı qalacaqdır”.
Deputat söyləyib ki, Azərbaycan üçün İran ərazisindən keçəcək yol, daha təhlükəsiz və ölkə siyasətinə uyğun gəlir:
“Azərbaycana Ermənistandan yol statusu ilə Naxçıvana getmək maraqlı deyil. Yol statusu ilə İran ərazisindən Naxçıvana getmək daha təhlükəsiz və siyasətimizə uyğundur. İrandan yolun çəkilməsinə başlamağımız Ermənistanı narahat etməyə başlayıb. Paşinyanın Tiflisdə etdiyi çıxışında Naxçıvan yolunun təhlükəsizliyini təmin edilməsi üçün xüsusi polisin yaradılacağını da bildirildi. Paşinyan nə vəd etsə də Ermənistana etibar etmək mümkün deyil. Çünki, Ermənistan uzun illər çoxlu vədlər verib və heç birisi öz xoşu ilə icra etmədiyindən etimadını itirmişdir. Bütün bunları nəzərə alaraq Zəngəzur dəhlizi olmayacağı təqdirdə İrandan yolun çəkilməsi çox düzgün və milli maraqlarımıza uyğun addım olduğunu hesab edirəm”.
Əkbər Novruz