Ermənistanın Hindistandakı səfiri Yuri Babaxanyan iki ölkə arasında hərbi-texniki əməkdaşlığın qurulduğunu, bu ölkədən yüz milyonlarla dollar dəyərində silah-sursat, o cümlədən “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin alınmasına dair müqavilələrin imzalandığını bildirib. İki ölkə arasında əməkdaşlıq son dönəmlər yüksək səviyyədədir. Hindistan niyə fasiləsiz olaraq Ermənistana yardım edir?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov Ednews-a açıqlaması zamanı qeyd edib ki, Hindistanın Ermənistana davamlı yardım etmək üçün real geosiyasi səbəbi yoxdur:
“Əslində əsas səbəb Pakistan Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasıdır. Hindistanla Azərbaycanın əvvəllər daha yaxşı münasibətləri olub. Hazırda da düşünüldüyü kimi pis deyil. Məhz Hindistandakı rəhbərliyin geopolitik hadisələri düzgün təhlil etməməsi, Azərbaycan Pakistan münasibətlərinə “qısqanc” yanaşması, Ermənistanla münasibətləri süni şəkildə “irəlləməsinə” səbəb olub. Əslində bu gün, Hindistan beynəlxalq axtarışlar fonunda öz silahlarını satmaq üçün yeni bazarlar axtarır. Hindistanda həmçinin düşünürlər ki, Ermənistanın “pinaka”ları alması Hindistan silahlarına Ermənistan və Ermənistan vasitəsilə başqa ölkələrə maraq göstərməyə səbəb ola bilər. Eyni zamanda Hindistan məhz yeni alternativ bazarlar axtardığı üçün öz silahlarını və ya məhsullarını satmaq üçün hansısa formada Ermənistanla əməkdaşlığı dərinləşdirməyə çalışır”.
Politoloq düşünür ki, Hindistanın Ermənistan siyasəti yersiz və qeyri-ciddidir:
“Hindistanın regionun ən önəmli ölkəsi olan Azərbaycanla münasibətləri nəzərə almadan və davamlı olaraq Ermənistanı dəstəkləməsi nəticədə siyasi balansı pozur. Azərbaycanın Hindistanla gələcəkdə formalaşa biləcək əməkdaşlıq perspektivləri üçün təhlükə yaradır. Bu baxımdan hesab edirəm ki, bundan sonra Hindistanın müəyyən davranışlarda və siyasətdə korrektələr etməsi özəlliklə də Cənubi Qafqaza yanaşmada fərqli addımlar atması mütləqdir”.
Xəyal Ramiz