“Orta Dəhlizin vahid iqtisadi zona kimi optimallaşdırmaq tələb olunur” - MÜSAHİBƏ

Müsahibələr 10:12 20.12.2024

Çin və Avropa arasında uzanan Orta Dəhliz beynəlxalq yükdaşımalar üçün strateji əhəmiyyətini artırır. Geosiyasi dəyişikliklər və ənənəvi marşrutlardakı məhdudiyyətlər bu dəhlizi qlobal ticarət və logistika sektorunun diqqət mərkəzinə gətirib. Artıq bir çox beynəlxalq şirkət alternativ marşrut kimi Orta Dəhlizə yönəlir. Bununla belə, dəhlizin tam potensialını reallaşdırmaq üçün qarşısında bir sıra çətinliklər və həllini gözləyən məsələlər dayanır.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) Baş katibi Umberto de Pretto müsahibəsində Orta Dəhlizin cari problemləri, inkişaf perspektivləri və həll yolları haqqında danışıb.

-Hazırda Orta Dəhliz vasitəsilə Çin və Avropa istiqamətində yükdaşımaların həcmini necə qiymətləndirirsiniz?

- Son illərdə geosiyasi proseslər beynəlxalq ticarət marşrutlarının yenidən formalaşmasına təkan verib. Ənənəvi marşrutlarda yaranan məhdudiyyətlər və tətbiq olunan sanksiyalar Orta Dəhlizi daha cəlbedici və etibarlı alternativə çevirib. Bu dəyişikliyin nəticəsi olaraq, Orta Dəhliz vasitəsilə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artmaqdadır.

Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. 2022-ci ildə Orta Dəhliz üzrə daşınan yük həcmi 1,5 milyon ton təşkil edirdisə, 2023-cü ildə bu göstərici 2,8 milyon tona yüksəlib. 2021-ci ildə qeydə alınmış 586 min tonla müqayisədə bu göstərici, dəhlizin tranzit potensialının sürətlə artdığını və beynəlxalq ticarətdəki mövqeyinin gücləndiyini nümayiş etdirir.

Bu inkişaf göstəriciləri Orta Dəhlizin Çin və Avropa arasında strateji nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırıb.

- Orta Dəhlizdə hazırda yükdaşımaların həcminin artımına mane olan əsas problemlər hansılardır? Ölkələr arasında tranzit, nəqliyyat və gömrük prosedurlarının rəqəmsallaşma səviyyəsini necə qiymətləndirirsiniz?

- Orta Dəhlizdə yükdaşımaların həcminin artımını ləngidən əsas problemlərdən biri dəhliz boyunca yerləşən ölkələr arasında tranzit və gömrük proseslərinin rəqəmsallaşma səviyyəsinin qeyri-bərabər olmasıdır. Bəzi ölkələr hələ də kağız əsaslı sənəd dövriyyəsinə üstünlük verdiyi halda, digərləri rəqəmsal həllər tətbiq edərək daha səmərəli və sürətli nəqliyyat əməliyyatlarına nail olub. Bu qeyri-bərabərlik gömrük-sərhəd keçid məntəqələrində tıxaclara və yüklərin daşınma müddətində gecikmələrə səbəb olur.

Gömrük və sərhəd prosedurlarında rəqəmsallaşmanın təşviqi və infrastrukturun təkmilləşdirilməsi dəhlizin potensialını tam şəkildə reallaşdırmaq üçün vacibdir. Bu kontekstdə TIR sisteminin effektiv tətbiqi böyük önəm daşıyır. TIR-ın elektron bəyannamə sistemi (TIR-EPD) artıq bir çox ölkədə gömrük risklərinin daha dəqiq qiymətləndirilməsinə və aşağı riskli daşımaların sürətləndirilməsinə imkan yaradıb. Bundan əlavə, Mərkəzi Asiya ölkələrində TIR zolaqlarının yaradılması və E-TIR sisteminin genişləndirilməsi kimi təşəbbüslər yükdaşımaların daha təhlükəsiz və sürətli həyata keçirilməsinə şərait yaradır.

E-TIR sisteminin tam tətbiqi gələcəkdə kağız əsaslı prosedurları aradan qaldıraraq əməliyyatların effektivliyini artıracaq. Sistem həmçinin intermodal nəqliyyatda – yəni müxtəlif nəqliyyat növləri arasında əlaqələndirmədə üstünlüklər yaradaraq tranzitin sürətini və etibarlılığını artıracaq.

Lakin yalnız texnoloji həllər bu problemləri tam aradan qaldırmağa kifayət etmir. Dəhlizdə şəffaflığın zəif olması, yüksək və dəyişkən tariflər, eləcə də tranzit müddətlərində qeyri-sabitlik kimi problemlər də mövcuddur. Bəzi sərhəd məntəqələrində tıxacların yaranması, keçid müddətlərinin müxtəlif ölkələrdə fərqlilik göstərməsi və nəqliyyat sistemlərinin bir-biri ilə zəif koordinasiyası dəhliz boyunca əməliyyatları çətinləşdirir.

Bu maneələrin aradan qaldırılması üçün gömrük prosedurlarının vahid standartlar əsasında uyğunlaşdırılması, tranzit proseslərinin optimallaşdırılması və nəqliyyat infrastrukturu ilə yanaşı hərəkət tərkibinin gücləndirilməsi zəruridir. Eyni zamanda, texnoloji yeniliklərin və rəqəmsallaşma alətlərinin tətbiqi, həmçinin ölkələr arasında sıx koordinasiyanın qurulması Orta Dəhlizin tam potensialını ortaya qoymaq üçün vacib amillərdir.

- Orta Dəhlizdə yük axınını artırmaq üçün hansı addımlar atılmalıdır?

- Son illərdə Orta Dəhliz vasitəsilə tranzit daşımaların həcmi əhəmiyyətli dərəcədə artaraq rekord səviyyəyə çatıb. Bu marşrut təkcə iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Çin və Avropa İttifaqı ölkələri arasında strateji əlaqələrin gücləndirilməsində Orta Dəhliz xüsusi yer tutur. Bir çox beynəlxalq forumlarda Orta Dəhliz əsas müzakirə mövzusu olmuşdur ki, bu da dəhlizin əhəmiyyətinin artdığını göstərir.

Lakin mövcud çətinliklər dəhlizin tam potensialını reallaşdırmasına mane olur və əlavə tədbirlərin görülməsini tələb edir.

İlk növbədə, tranzit xərclərinin optimallaşdırılması və şəffaflığın artırılması əsas prioritetlərdən biridir. Hazırda qeyri-sabit tariflər, yüksək logistika xərcləri və təchizat zəncirindəki pozulmalar daşımaların səmərəliliyinə mənfi təsir göstərir. Bu problemləri həll etmək üçün dövlətlərarası koordinasiya gücləndirilməli, vahid tarif siyasəti tətbiq olunmalı və rəqəmsal həllər genişləndirilməlidir.

Xəzər dənizi üzərindən yükdaşımaların səmərəliliyinin artırılması da vacib amillərdən biridir. RO-PAX tipli gəmi bərələrinin sayının artırılması və mövcud infrastrukturun təkmilləşdirilməsi limanlarda gözləmə müddətini minimuma endirəcək. Belə tədbirlər yüklərin tez bir zamanda daşınmasını təmin edərək dəhlizin cəlbediciliyini artıracaq.

Bu maneələrə baxmayaraq, dəhliz üzərindən daşınan nəqliyyat vasitələrinin sayı əhəmiyyətli dərəcədə artıb. 2022-ci ildə dəhliz vasitəsilə 19 400 nəqliyyat vasitəsi daşınıb ki, bu da 2015-ci ildəki 3000-5000 göstəricisi ilə müqayisədə böyük irəliləyişdir. Yaxın gələcəkdə bu rəqəm 40 000-ə çatdırıla bilər.

Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 11 milyon tona, tranzit müddəti isə iki dəfə azalacaq. Lakin bu potensialın tam reallaşdırılması üçün dəhlizi vahid ticarət marşrutu və iqtisadi zona kimi optimallaşdırmaq tələb olunur. Bunun üçün dəhliz boyunca sərhədlərarası institusional çərçivənin yaradılması, beynəlxalq standartlara uyğunlaşma və dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi vacibdir. Xüsusilə beynəlxalq maliyyə institutlarının dəstəyi ilə dəhliz boyu infrastrukturun modernləşdirilməsi və logistika mərkəzlərinin inkişafı prioritet təşkil etməlidir. Əgər bu təkmilləşdirilmələr həyata keçirilməsə, nəqliyyat tələbatı proqnozlaşdırılan səviyyədən 35 % az olacaq.

Eyni zamanda, rəqəmsallaşma səviyyəsinin artırılması və elektron həllərin geniş tətbiqi tranzit proseslərini daha sürətli və effektiv edəcək. E-TIR və digər rəqəmsal sistemlər vasitəsilə sərhəd keçidlərinin avtomatlaşdırılması yüklərin daha təhlükəsiz və səmərəli şəkildə daşınmasına şərait yaradacaq.

Dəhlizin inkişafı həm də regiondaxili ticarət və əməkdaşlığı gücləndirmək üçün vacibdir. Orta Dəhliz təkcə Asiya və Avropa arasında tranzit marşrutu deyil, həm də region ölkələri üçün qlobal bazarlara çıxış imkanı təqdim edən strateji körpüdür.

Əgər bu addımlar vaxtında atılarsa, Orta Dəhliz təkcə region üçün deyil, qlobal ticarət şəbəkəsi üçün də mühüm mərkəzə çevriləcək. Dövlətlər və şirkətlər birgə çalışaraq dəhlizin cəlbediciliyini artırmalı, onun strateji əhəmiyyətini daha da möhkəmləndirməlidir.

- Dünyada nəqliyyat sektorunda hazırda hansı əsas problemlər mövcuddur? Ölkələr yük daşımalarını asanlaşdırmaq üçün nə etməlidirlər?

- Qlobal nəqliyyat sektoru hazırda bir neçə mühüm problem qarşısındadır ki, bu da yükdaşımaların effektivliyini və dayanıqlığını təhdid edir.

Nəqliyyat sənayesində peşəkar və ixtisaslı sürücülərin çatışmazlığı ciddi narahatlıq doğurur. Məlumata görə, 2028-ci ilə qədər qlobal səviyyədə yük maşını sürücülərinin çatışmazlığı iki dəfə arta bilər. Hazırda operatorların 50 %-dən çoxu ixtisaslı sürücüləri cəlb etməkdə çətinlik çəkir. Bu problemi həll etmək üçün hökumətlər və sənaye maraqlı tərəfləri arasında əməkdaşlıq vacibdir. Sürücü peşəsinin cəlbediciliyini artırmaq, təlim və sertifikatlaşdırma proseslərini asanlaşdırmaq, həmçinin bu sahədə iş şəraitini yaxşılaşdırmaq üçün konkret addımlar atılmalıdır.

Karbon emissiyalarının azaldılması nəqliyyat sektorunun əsas prioritetlərindəndir. BMT-nin məlumatına görə, avtomobil nəqliyyatında səmərəlilik tədbirləri ilə karbon emissiyaları 50 %-ə qədər azaldıla bilər. Bu istiqamətdə həm qısamüddətli, həm də uzunmüddətli strategiyalar hazırlanmalıdır. Alternativ yanacaqların tətbiqi, aşağı karbonlu texnologiyalara keçid, habelə müvafiq qanunvericilik və stimulların tətbiqi bu məqsədə çatmaq üçün əsas vasitələrdir.

Nəqliyyat sektorunda rəqəmsallaşma da əsas məsələlər sırasındadır və geniş transformasiya potensialına malikdir. Avtomatlaşdırma və süni intellekt kimi yeni texnologiyalar sektora daxil olsa da, sənayedə hələ də kağız sənədləşmə geniş istifadə olunur. E-TIR və e-CMR kimi rəqəmsal həllərin tətbiqi tranzit proseslərini sadələşdirə, əməliyyat müddətlərini qısalda və ticarət əməliyyatlarının şəffaflığını artıra bilər.

Bu tədbirlərin həyata keçirilməsi yalnız nəqliyyat əməliyyatlarının səmərəliliyini artırmayacaq, həm də qlobal ticarət şəbəkəsinin davamlı inkişafını təmin edəcək.

- Nəqliyyat sisteminin dekarbonizasiyası Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) müzakirə olunan əsas məsələlərindən biri idi. Bu konfransın nəticələri ilə bağlı fikirlərinizi bölüşərdiniz.

- COP29 iqlim konfransı, nəqliyyat sektorunda dekarbonizasiyanı sürətləndirmək üçün qlobal həll yollarının müzakirəsi üçün mühüm platformaya çevrildi. Azərbaycan bu tədbirə yüksək səviyyədə ev sahibliyi edərək, xüsusilə Orta Dəhliz və “yaşıl şəhərlər” təşəbbüsləri istiqamətində mühüm addımların atılmasına dəstək verdi.

IRU və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsü ilə Bakıda COP29 nümayəndələrini daşıyan avtobus və taksi sürücüləri üçün eko-sürücülük sessiyaları təşkil edildi. Təlimlərdə 5000 sürücüyə tormozlama, qızdırma və boş dayanma kimi emissiya yaradan davranışların azaldılması yolları izah edildi. Təlimlər nəticəsində yanacaq sərfiyyatı orta hesabla 11 % azaldı, bəzi sürücülər isə nəticələrini daha da yaxşılaşdıraraq, emissiyaları 32 %-dək azaltdı.

COP29-da həmçinin Orta Dəhlizin dekarbonizasiya potensialı müzakirə edildi. Bu dəhlizin inkişafı yalnız region ölkələri üçün deyil, qlobal nəqliyyat şəbəkəsi üçün də strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə IRU-nun “Yaşıl Saziş” yanaşmasının dəstəklənməsi, eləcə də rəqəmsallaşma və alternativ enerji mənbələrinə keçidin təşviqi ön planda idi.

Ümumiyyətlə nəqliyyat sektorunda problemləri həll etmək üçün hökumətlər, sənaye tərəfdaşları və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq vacibdir.

Azərbaycanın COP29 çərçivəsində təşəbbüskar rolu göstərdi ki, nəqliyyatın dayanıqlı inkişafı istiqamətində konkret tədbirlər təkcə yerli deyil, qlobal problemlərin həllində də əhəmiyyətli təsir göstərə bilər.

Mənbə: Report.az

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Hamısı