Ötən gün Belarusda keçirilmiş seçkinin ilkin nəticələrinə görə, hazırkı prezident Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina bəyan edib.
EDNews.net Azvision.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Minsk şəhərinin Leninski rayonunda seçicilərin 64%-dən çoxu iştirak edib, Lukaşenko demək olar ki, 67%-dən çox, onun rəqibi Svetlana Tixanovskaya isə təxminən 15% səs toplayıb.
Brest vilayətinin 4 rayonunda seçici fəallığı 95,7% olub. Burada Lukaşenko səslərin təxminən 80%-ni, Tixanovskaya isə 3,8%-ni qazanıb.
MSK rəhbəri vurğulayıb ki, Qomel bölgəsinin 4 rayonunda seçicilərin 90%-i Lukaşenkoya, 3,2%-i isə Tixanovskayaya səs verib.
“Daha bir neçə rayon üzrə səsvermənin ilkin nəticələri məlumdur. Həmin nəticələrə əsasən, Lukaşenko 90% -dən çox, Tixanovskaya isə 4% səs alıb”, - deyə MSK sədri əlavə edib.