Moskvada “Dağlıq Qarabağ”ın öyrənilməsi üçün informativ-analitik mərkəz yaradılır. Mərkəzdə Qarabağın dağlıq hissəsində olmuş, oradakı insanlarla (ermənilər ilə) vaxtaşırı əlaqə saxlayan ekspertlər təmsil olunacaq.
EDNews.net xəbər verir ki, sözügedən mərkəz ermənipərəst “REGNUM”un tərkibində fəaliyyət göstərəcək.
Mərkəzə rəhbərliyi də elə ermənipərəst KİV-in baş redaktoru Modest Kolerov edəcək.
Əsas planları Qarabağda yaşayan ermənilər barədə materiallar hazırlamaq, oradakı ermənilərin problemlərini işıqlandırmaqdır. Mərkəz həmçinin “Artsax” təmsilçiləri ilə də əməkdaşlığı qarşısına məqsəd qoyub.
⦁ Modest Kolerovun Cənubi Osetiya və Abxaziya medalları var. Deyəsən, “Artsax”dan da orden gözləyir.
⦁ Onun rəhbərlik edəcəyi mərkəzin adında “Dağlıq Qarabağ” arxaizminin olması fəaliyyət sferalarını aydınlaşdırır.
⦁ Separatçılara əməkdaşlıq təklifi isə Azərbaycana olduğu kimi, Rusiyaya da hörmətsizlikdir.
Çünki Kolerov kimilərinin “Artsax” dediyi əraziyə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası kimi təyinatını təsdiqləyən sənədin digər bəndlərində separatçıların tərkisilah və başqa öhdəlikləri yer alıb.
Bundan başqa “REGNUM”un tirajlandığı Rusiyanın lideri Vladimir Putin də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib.
Görünür, “dığa təfəkkürlü”lər Azərbaycanı qıcıqlandırmaq və Bakının Kreml ilə arasını vurmağa çalışırlar. Hər halda, Moskvada bu tip separatçı fəaliyyətlərin Bakıdan cavabı səslənəcək. Elə bizim dərc etdiyimiz ilk etiraz axırıncı yox, axarıncı olacaq.