Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanla bağlı təxribatçı açıqlamaları ilə gündəmə gəlib. “Rossiya 1” televiziya kanalına danışan millət vəkili rus ordusunun Ukraynadan sonra Azərbaycana qarşı da hərbi güc tətbiq etməkdən çəkinməyəcəyini söyləyib.
Xatırladaq ki, “Rossiya 1” kanalı ilə yekunlaşmayan Rusiya mediasının təxribatı “Pervıy” kanalında da davam etdirilib.
Rus millət vəkilinin Azərbaycanı təhdid etməsinə səbəb nədir?
Mövzunun aktuallığını nəzərə alaraq müraciət etdiyimiz deputat Elşad Mirbəşiroğlu Ednews-a verdiyi açıqlamasında rus millət vəkilinin sözlərini məsuliyyətsizlik adlandırıb.
“Mixail Delyaginin söylədiyi fikirlər məsuliyyətsiz və sərt şəkildə qınanmalıdır. Rəsmi Kreml bu fikirlərin Rusiyanın siyasi xəttinə uyğun olmadığını bildirib. İki dövlət arasındakı münasibətlərin kifayət qədər normal olduğunu nəzərə alsaq, Azərbaycana münasibətdə Rusiya-Ukrayna münaqişəsi konteksində belə fikirlərin səsləndirilməsinə heç bir əsas yoxdur”.
Deputat əlavə olaraq qeyd edib ki, edilən açıqlamalar Rusiyanın imicinə zərər vurur.
“Azərbaycanın xarici siyasətinin başlıca prinsipi dünya ölkələri ilə tərəflərin maraqlarına uyğun münasibətlər qurulmasıdır. Qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsi, münasibətlərin inkişaf etdirilməsi bizim diqqət mərkəzində saxladığımız məsələdir. Rusiyalı deputatın səsləndirdiyi bu fikirlər öz ölkəsinin imicinə xələl gətirir. Düşünürəm ki, bundan sonra fikir söyləyərkən iki dövlət arasındakı münasibətlərin xarakteri nəzərə alınacaq”.
E. Mirbəşiroğlu sözügedən açıqlamaların heç bir əsası olmadığını ifadə edib.
“Azərbaycan təkcə Rusiya ilə deyil, tərəfdaş olduğu bütün ölkələrlə konstruktiv münasibətlərini inkişaf etdirir. Bu baxımdan Azərbaycanla bağlı sözü gedən mövqelərin səsləndirilməsinin heç bir əsası yoxdur”.
Aysel Bədəlova