Azərbaycan Milli İstiqalal Partiyasının (AMİP) qərargahında AMİP, Azərbaycan Xalq Partiyası (AXP) və AĞ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Grosla görüşü keçirilib.
AĞ Partiyanın sözçüsü Cavanşir Abbaslının Ednews-a verdiyi məlumata görə görüşdə ölkədə və regiondakı mövcud vəziyyət, Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrası, Fransanın Qarabağ məsələsindəki mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və eləcə də, digər məsələlər geniş şəkildə müzakirə edilib.
Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo iştirak ediblər.
Məlumatda bildirilib ki, bu, son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilib.