“Uzun sürən müharibələrin, işğalların və dağıntıların tarixinə nəzər salsanız, görərik ki, bizim vəziyyətimizdə düşmənçilik mərhələsinin başa çatmasından sülhə doğru gediş çox sürətli olub. Bu, yenə də bizim təklifimizə əsaslandı, çünki bir ildən artıqdır ki, Ermənistanla sülh sazişi imzalamalıyıq deyən şəxsən mən və biz idik və nəhayət, onlar razılaşdılar. Yalnız, nəhayət, həftələr əvvəl”.
Ednews xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.
Prezident İlham Əliyevin sözlərinə görə, ondan əvvəl Ermənistan tərəfdə susqunluq hökm sürürdü və yenə də mübahisə etmək, ərazi bütövlüyümüzə etiraz etmək barədə bəyanatlar verirdilər: “Və eyni zamanda, biz dedik ki, gəlin, sərhədin delimitasiyası ilə bağlı işə başlayaq və yenə də bir ildən çox erməni tərəfi susdu, nəhayət, razılaşdılar. Tezliklə, deyərdim ki, çox yaxında birgə işçi qruplar görüşəcək. Niyə bir il itirməlidirlər? Bu, başa düşülən deyil. Ona görə də bütün səylərimiz müsbət meylləri gücləndirməyə yönəldiləcək. Amma biz bunu birtərəfli edə bilmərik. Biz Ermənistan hökumətində etibar edə biləcəyimiz, uzunmüddətli sülhə razılaşa biləcəyimiz tərəfdaş görməliyik. Düşünürəm ki, bu, mümkündür. Lakin təbii ki, bu, Ermənistanın daxili siyasi inkişafından asılı olacaq. Çünki işğalı qanuniləşdirmək cəhdlərində bütün ideologiyanın əsasını aqressiya təşkil etdiyi üçün bütün ideoloji bazaların ciddi şəkildə zədələnməsi başa düşüləndir. Onların gördüyü hər şey Azərbaycanın mədəni irsini silməkdən başlayır, Ağdam, Şuşa və digər şəhərlərimizin adlarının dəyişdirilməsi ilə başa çatır. Hamısı “de-fakto” işğalı “de-yure” ayrılmanın legitimləşdirilməsinə çevirmək məqsədi daşıyırdı. İndi bu ideoloji baza artıq yoxdur. Və başa düşürük ki, onlar üçün yeni məqsəd tapmaq asan deyil. Bizim vəziyyətimizdə isə məqsədimiz müstəqilliyi möhkəmləndirmək idi və biz həmişə işğal dövründə təkcə Qarabağa necə qayıtmaq barədə deyil, həm də müstəqilliyi necə möhkəmlətmək barədə düşünürdük ki, onu dönməz edək, nəyin bahasına olursa olsun, heç kimdən asılı olmayaq. Və biz buna nail olduq, hər ikisinə nail olduq. Tam müstəqillik, müstəqil siyasət aparmaq bacarığımız var və biz Qarabağın qaytarılmasına nail olduq. Ermənistan həqiqi müstəqil ölkə olmaq şansını itirdi, mən çox təfərrüata varmaq istəmirəm, oradakı real siyasi konfiqurasiya hamıya məlumdur. Və heç vaxt onlara məxsus olmayan torpaqları itirdilər, ona görə də bunu başa düşməli və özlərinə yeni məqsəd tapmalıdırlar. Düşünürəm ki, bu, sülh, əməkdaşlıq, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmək olacaq”.