İyunun 3-də Moskvada regional kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun iclası keçiriləcək. Qeyd edək ki, işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb. Azərbaycandan baş nazirin müavini Şahin Mustafayev, Rusiyadan hökumət sədrinin müavini Aleksey Overçuk, Ermənistandan isə baş nazirin müavini Mger Qriqoryan qrupa həmsədrlik edirlər.
Bu gün keçiriləcək görüşlə bağlı proqnozlarını Ednews-a açıqlayan Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bu görüşdən mühüm nəticələr gözləmək olmaz:
“Azərbaycanla Ermənistanın mövqeyi bir çox məsələlərdə tamamilə fərqlidir. Bu səbəbdən nəticənin əldə edilməsi uzun müddət aparacaq. Dialoqun uğurlu olmağı üçün görüşlərin sayı artırılmalıdır”.
Politoloq Zəngəzur dəhlizi ilə bağlı da öz fikirlərini bildirib. O, qeyd edib ki, dəhlizlə bağlı razılığın əldə edilməsi vacibdir:
“Zəngəzur dəhlizi də gündəliyə daxil edilə bilər. Lakin məsələnin iki tərəfinin olduğunu unutmamalıyıq. İlk olaraq, Ermənistan 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliyə sadiq qalmalıdır. İrəvanı razılaşmalara əməl etməyə vadar etməliyik. Məsələnin digər tərəfi isə infrastruktur ilə bağlıdır. Orada dəmiryolu, avtomobil yolu yenidən tikilməlidir. Bərpa işlərinin aparılması da uzun müddətə başa gələcək. Hər iki məsələnin həlli üçün vacib addımlar atılmalıdır. Bu məsələ ilə bağlı Üçtərəfli İşçi Qrupun hazırki görüşdə nəticəyə nail olacağına inanmıram”.
Xanlar Əlibəy