“Azərbaycanın daxili siyasi həyatında aparılan əsaslı islahatlar partiyalar haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi üçün siyasi platforma yaradır”.
Bu barədə Ednews-a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Siyasi partiyalar haqqında qanuna dəyişikliklər barədə danışarkən deyib. O, həmçinin bu ideyanın reallaşmasına şərait yaradan amillər və səbəbləri də açıqlayıb.
“Ümumiyyətlə, bu qanun 1992-ci ildə qəbul edilib. Bu dövrdən bu günə kimi qanuna 27 dəyişiklik edilib. Bu problemin müzakirəsinə səbəb olan əsas səbəb və ən mühüm amil, ilk növbədə, Azərbaycanda aparılan islahatlardır. 2018-ci ildən etibarən ölkədə konstruktiv dəyişikliklərin əhatə dairəsi hərtərəfli olub. Bununla bağlı Prezident Administrasiyasında siyasi institutla birbaşa əlaqəyə cavabdeh olan yeni şöbə yaradılıb. Dövlət idarəetmə sistemində islahatların aparılması üçün müsbət xarakter daşıyan siyasi proseslər bu qanunun hüquqi cəhətdən yenidən qurulmasına zəmin yaratdı. Digər səbəb isə partiyalar üçün yaradılmış əlverişli siyasi şərait kontekstində nəzərdən keçirilir ki, bu da təkcə siyasi praktikada deyil, həm də hüquqi müstəvidə öz əksini tapmalıdır”, - deyə, həmsöhbətimiz vurğulayıb.
Söhbət zamanı politoloq diqqəti konkret olaraq bu qanunvericilikdə nəzərdə tutulmalı olan məsələlərə yönəldib.
“Bu qanun partiyaların ictimai-siyasi fəaliyyəti ilə bağlı bəzi mühüm siyasi məsələləri həll etməlidir. Buraya aşağıdakılar aid edilə bilər: partiyaların müxtəlif ictimai-siyasi təşkilatlarla əlaqələri, onlara qanunvericilik təşəbbüsü hüquqlarının verilməsi və bloklarının yaradılması. Bu qanuna edilən dəyişikliklər digər normativ-hüquqi aktların dəyişdirilməsinə şərait yaradır”, - deyə Z.Məmmədov fikrini yekunlaşdırıb.
Xaliq Quliyev