İsveçrənin Sürix şəhərində Avropa Xəbər Agentlikləri Alyansının növbəti Baş Assambleyası keçirilib. Tədbir çərçivəsində həmçinin Alyansın idarəetmə orqanına seçkilər baş tutub.
Ednews AzərTac-a istinadən xəbər verir ki, baş Assambleyada bəzi ölkələrin milli xəbər agentliklərinin EANA-ya üzv olmaq üçün namizədliyi səsə qoyulub. Səsvermədə Ermənistan mediası olaraq “Armenpress” xəbər agentliyinin namizədliyi irəli sürülüb. Lakin səsvermənin nəticələrinə görə Ermənistanın istəyi qəbul edilməyib. KosovoPress xəbər agentliyi isə səs çoxluğu ilə EANA-nın üzvü seçilib.
Qeyd edək ki, 2008-ci ildən Alyansın üzvü olan AZƏRTAC xəbər agentliyi Assambleyada iştirak edib.
Bundan əlavə, Alyansın prezidenti, Avstriyanın APA xəbər agentliyinin baş icraçı direktoru Klemens Piq gündəlikdəki məsələləri müzakirəyə çıxarıb və Alyansın üzv agentliklər üçün daha faydalı olması və Alyans çərçivəsində təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə layihələri davam etdirəcəyini qeyd edib.
Həmçinin, Baş Assambleya çərçivəsində Alyansın idarəetmə orqanına seçkilər keçirilib. İtaliyanın ANSA xəbər agentliyinin baş icraçı direktoru Stefano de Alessandri Alyansın İdarə Heyətində səlahiyyət müddəti başa çatan, Böyük Britaniyanın Mətbuat Assosiasiyasının (PA) Media Qrupunun baş icraçı direktoru Klayv Marşalın yerinə namizədliyi irəli sürülərək təsdiq edilib. Tədbir çərçivəsində Alyansın “Mükəmməllik Mükafatı”nın qalibləri olan İspaniyanın EFE və Böyük Britaniyanın PA xəbər agentliklərinə diplomlar təqdim olunub.
Alyansın növbəti iclaslarının Brüssel, Paris və Lissabonda keçirilməsi qərara alınıb. Eyni zamanda, Anadolu Agentliyi növbəti Baş Assambleyalardan birinin Türkiyədə təşkil edilməsini təklif edib.