“Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq”.
Ednews xəbər verir ki, bu fikirləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü zamanı səsləndirib.
Azərbaycan lideri hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən birinin enerji təhlükəsizliyi olduğunu deyib:
“Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır”.
İlham Əliyev bir neçə gün əvvəl xanım Prezident Mayya Sandu ilə Praqada görüşdüyünü xatırladıb:
“Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız”.