Bazar ertəsi, oktyabrın 17-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda planlaşdırılmış görüşü keçiriləcək Bu görüş zamanı Ermənistan və Azərbaycan sərhədində missiya təsdiqlənəcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Aİ nümayəndəsi yayıb.
"Azərbaycan, Ermənistan, Fransa liderləri ilə Avropa İttifaqı Şurasının prezidenti arasında keçirilən görüşdə missiyanın yaradılması barədə razılıq əldə olunub. Bazar ertəsi nazirlərin bu missiyanı təsdiq edəcəyi gözlənilir. Yalnız onu deyə bilərəm ki, birinci mərhələdə 400-ə yaxın müşahidəçi yerləşdiriləcək", - diplomat bildirib.
O, iki ölkənin sərhədinə ilk müşahidəçilərin Aİ-nin Gürcüstandakı missiyasından göndəriləcəyini bildirib və bunun "məsələnin aktuallığına görə" edildiyini izah edib.
Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündə Avropa İttifaqının mülki missiyasının göndərilməsi barədə qərar qəbul edilib.