Xəbər verdiyimiz kimi, dünən Ermənistanın paytaxtı İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclası baş tutub.
İclasda Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
“KTMT-nin iclasında olan bu məsələlər gözlənilən idi. Azərbaycan qoşulmama hərəkatının sədri olduğu üçün hərbi bloka qoşulmamaq kimi öhdəliyi var. Buna baxmayaraq İlham Əliyev fərqli bir taktika seçdi”.
Bu sözləri Ednews-a açıqlamasında Cümşüd Nuriyev bildirib.
“İlham Əliyev KTMT-ə daxil olan ölkələrlə dostluq münasibəti yaratmaqla Ermənistanı burada sıxışdırdı. Paşinyan arxayın idi ki, Ermənistanın sədrliyi zamanında KTMT-də qəbul olunacaq bəyanatda Ermənistan cəmiyyətini sakitləşdirmək üçün Azərbaycan əleyhinə qərarlar qəbul olunacaq. Guya Azərbaycan Ermənistan ərazisində hər hansı yeri işğal edib. Bu məsələ ilə bağlı bəyanatda bir bəndin qeyd olunmasının niyyətində idilər. Bu qərar da KTMT-da qəbul olunmadı. Lukoşenko Putinin dili ilə orada ciddi mesajlar verdi. Putin artıq görür ki, Paşinyan Rusiyanın maraqlarını Qərbə-Fransaya çoxdan satıb. Təbii ki, dövlət siyasətində dost anlayışı yoxdur. Paşinyan da buna görə cəzalandırılır. Bəyannamədə KTMT-nin verdiyi bəyanatlarda Ermənistana yardım məsələsi də var idi “.
Ekspert həmçinin bildirib ki, Belarus prezidenti Lukoşenkonun səfəri zamanı qeyri-rəsmi geyimi də Paşinyana ciddi bir mesaj idi. Yəni, mən səni ciddiyə almıram.
“Hətta orada Lukoşenko Paşinyana lağ edərək deyib ki, niyə qaşqabaqlısan. Bütün hallarda hazırda Putin demək istədiklərini Lukoşenko vasitəsilə bildirir. Bu da anlaşılan məsələdir. Çünki Rusiya-Belarus ittifaqı var. Nəticədə Paşinyan iclasdan umduğunu əldə edə bilmədi. Onun bəyanatın imzalanıb-imzalanmamasının heç bir önəmi yoxdur. Paşinyan bu müddət ərzində rotasiya qaydası ilə Ermənistan üçün KTMT-dən heç bir şeyin əldə edə bilmədi. Bu artıq Paşinyanın yürütdüyü siyasətdir.Görünən odur ki, Rusiya hazırda Ermənistandan çox narazıdır. Artıq birmənalı şəkildərəsmi Kreml sözçüləri Ermənistanın bir dövlət kimi formalaşmasını qəbul etmirlər. Bu yolla onu cəzalandırırlar”.
O həmçinin qeyd edib ki, bütün hallarda Azərbaycanın yürütdüyü ağıllı siyasət İlham Əliyevin uzaqgörənliyinin sübutudur.
“Azərbaycanın iştirak etmədiyi beynəlxalq təşkilatlarda dostlarının vasitəsilə dövlətimizin maraqlarını və mövqeyini qorumaq taktikasını seçib”.
Ayan Rzayeva