İranda qeyri-fars millətlərin hüquqlarının tapdalanması və etnik separatizmə gedən yol - ARAŞDIRMA - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

İranda qeyri-fars millətlərin hüquqlarının tapdalanması və etnik separatizmə gedən yol - ARAŞDIRMA

Siyasət A- A A+

1979-ci ildə İslam Respublikasının qurulmasından bəri ölkə tarixində bir çox üsyanlar və iğtişaşlar yaşanıb. Hər dəfəsində bu iğtişaşlar zor gücü ilə hökumət qüvvələri tərəfindən yatırılıb. Lakin bu ilin sentyabr ayında kürd əsilli qadın Məhsa Əminin əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkənin bir çox vilayətlərini bürüyən kütləvi nümayişlər, aksiyalar və iğtişaşlar səngimək bilmir. Ölkədaxili nümayişlərə tələbələr, fabrik işçiləri, xırda və orta ticarətlə məşğul olan şəxslər, o cümlədən digər adi vətəndaşlar da qoşulublar. Ən önəmli məqam isə nümayişlər Tehran və digər mərkəzi şəhərlərlə məhdudlaşmır, daha doğrusunu desək, ölkənin etnik xalqların yaşadığı sərhəd bölgələrində polis qüvvələri və etirazçılar arasında daha çox qanlı toqquşmalar müşahidə olunur.

İlk növbədə xatırladaq ki, İranda qeyri-fars millətləri – Azərbaycan türkləri, kürdlər, ərəblər, bəluclar və digər etnik millətlər ölkə əhalisinin 40 %-i və ya yarıdan çoxunu təşkil edir. Foreign Policy-nin məlumatına görə, mərkəzi hökumət bu xalqlara öz doğma dillərində təhsil almağı və dövlətin xidmətlərindən istifadə etməyi qadağan edib. Hətta rəsmi mətbuat orqanlarında və dərs kitablarında milli və irqi ayrı-seçkiliyə yol verilir. Farsların yaşadığı əyalətlər ilə müqayisədə etnik xalqların üstünlük təşkil etdiyi ərazilərdə sosial və iqtisadi problemlər həll edilmir. Yoxsulluq, hökumət məmurlarının məsuliyyətsizliyi, ətraf-mühitin deqredasiyası və su çatışmamazlığı ayrı-seçkiliyin və siyasi məhrumiyyətin pik nöqtələridir. Statistikaya görə, İranda həbs olunanlar arasında etnik xalqların nümayindələri üstünlük təşkil edir. Dil və mədəni hüquqları uğrunda mübarizə aparan şəxslər və mədəniyyət xadimlər rejim tərəfindən repressiyalara məruz qalırlar.

Rejimin bu siyasəti mərkəzi hakimiyyət və qeyri-fars millətləri arasında qarşıdurmanı daha da gücləndirib. 2017-ci ildən bəri ölkənin Bəlucistan, Xuzistan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində bəluc, kürd və ərəblərdən ibarət silahlı birləşmələr İran ordusunun və SEPAH-ın qərargahlarına intensiv hücumlar edirlər. Foreing Policy-də qeyd edilir ki, 2018-ci ildə ölkənin Pakistanla sərhəd olan Bəlucistanda 12 təhlükəsizlik əməkdaşı oğurlanıb, 2021-ci ilin noyabrında Əhvaz silahlı qruplaşması əyalətdə nümayişləri amansızlıqla yatıran SEPAH-ın polkovniki Hadi Xanini güllələyərək öldürüb.

Bununla bərabər, İranın Xəzəryanı əyalətləri – Gilan, Mazandaran və Gülüstan əyalətlərində dominant təşkil edən millətlər müəyyən problemlərlə üzləşirlər.

Azərbaycan türklərinin yumşaq güc siyasəti və Türkmənlərin alçaldılması

2017–2021 Iranian protests - Wikipedia

1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsi İranda Azərbaycan millətçilərinə effektiv stimul oldu. Həmin dövrdən etibarən Azərbaycan türkləri öz milli-mədəni hüquqları və azadlıqları uğranda daha fəal şəkildə mübarizə aparmağa başlayıb. Təbriz, Ərdəbil, Urmiya və azərbaycanlıların məskunlaşdığı digər şəhərlərdə Azərbaycan-Türk kimliyinin tanınması ilə bağlı keçirilən nümayişlər bunu sübut edir. 2006-ci ildə son nümayişlər isə təhlükəsizlik qüvvələri tərəfindən amansızlıqla yatırılıb. Arab Center-də İranın etnik xalqları ilə bağlı dərc olunan məqaləyə görə, linqivistika tədqiqatları üzrə professor Mahmudəli Çöhrəqani tərəfindən əsası qoyulan Cənubi Azərbaycan Milli Oyanış Hərəkatı şimal-qərbi İranda məktəblərdə Azərbaycan dilinin tədris olunması və digər milli-mədəni hüquqlarının tanınması uğrunda mübarizə aparır. Çöhrəqanin sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat məhz İranın qeyri-fars millətlərinin milli-mədəni hüquqlarının priotet təşkil etdiyi federal dövlətə çevrilməsinin tərəfdarıdır.

Eyni zamanda İranın Azərbaycan əyalətlərində qeyri-qanuni digər siyasi təşkilatlar da fəaliyyət göstərməkdədir. 1990-1993-ci illərdə Güney Azərbaycan Fədailər Təşkilatı və Vahid Müstəqil Azərbaycan Cəbhəsinin əsası qoyuldu. Arab Center qeyd edir ki, Vahid Müstəqil Azərbaycan Cəbhəsinin əsas hədəfi müstəqil, azad və demokratik hüququn üstünlük təşkil etdiyi dövlətin qurulması və sonda bu ideya nəzdində vahid Azərbaycanın yaradılmasına istiqamətlənib.

Digər siyasi təşkilat – Azərbaycan Demokrat Partiyası həmkarından fərqli olaraq İrandan ayrılmaq yox, ölkə tərkibində Azərbaycana xüsusi muxtariyyət verilməsinə üstünlük verir. Bu partiya Azərbaycan əyalətlərində Azərbaycan parlamentinin formalaşdırılmasını və Azərbaycan dilinin rəsmi dil edilməsini dəstəkləyir.

Bununla belə, 2022-ci ildə İranda son proseslər fonunda Azərbaycan hüquq müdafiəçilərinin İranda Azərbaycan türklərinin hüquqlarının pozulması ilə bağlı hesabatını xüsusilə qeyd etmək lazımdır. Azərbaycan türklərinin ayrı-seçkiliyə və irqçiliyə məruz qalmasına toxunan bu hesabatda bu ilin sentyabrından başlayan nümayişlərdə həbs olunan və öldürülən azərbaycanlı fəallar barədə ətraflı məlumat verilir. Azərbaycan Hüquqşünasları Assosiasiyasının İnsan Hüquqları Komissiyasının vitsa-prezidenti Sina Yosefin məlumatına görə, Təbrizdə nümayişlərin ilk iki həftəsində 1700 –dən fəal həbs olunub.

Eyni sözləri də İranın şimal-şərqi əyalətlərində yaşayan digər türk xalqı – türkmənlərə də aid etmək olar. Mərkəzi Asiya Tədqiqat mərkəzinin araşdırmasına əsasən, molla rejimi türkmənlərə də dil və mədəniyyə xüsusunda problemlər yaradır. İranda türkmənlər hər şeydən məhrum edilib, onlar öz dilində təhsil ala və kitab oxuya bilmirlər, öz adət-ənənələrini həyata keçirmələrinə imkan verilmir. Hətta qeyd olunan məlumatlara görə, onların balıq tutmaq və ov etmək hüquqları da məhdudlaşdırılıb. Qoyulan sərt qaydaları pozan türkmənlər həbs edilir və heç bir məhkəmə keçirilmədən iki-üç il həbsdə saxlanılır.

Ətraf mühit problemlərindən əziyyət çəkən Əhvaz ərəbləri

Iran's Troubled Provinces: Khuzestan | The Iran Primer

Əhvaz ərəblərinin əksəriyyəti şiə olmalarına baxmayaraq, onlar da mərkəzi hakimiyyətinin ayrı-seçkiliyinə məruz qalırlar. Tarixən farslarla münaqişədə olan bu xalqın yaşadığı Xuzistan əyalətində tez-tez kütləvi etirazlar, iğtişaşlar və toqquşlar baş verib. 2005-ci ildə bu əyalətdə insan ölümü ilə nəticələnən nümayişlər xüsusilə yadda qalıb. Nümayişlər yatırılandan sonra bir çox partlayışlar törədilib. Arab Center-nin qeydlərinə görə, Xuzistanda ağır sosial-iqtisadi şərait və vəziyyət hökm sürməkdədir. Prezident Həsən Ruhanin dövründə bu əyalətdə bir çox nümayişlərin baş verməsinin əsas səbəbləri su təchizatının çatışmamazlığı, ekologiyanın çirklənməsi və elektrik ehtiyatlarının azlığı ilə bağlı olubdur. Eyni zamanda, əyalətdə mərkəzi hakimiyyətin rəsmilərinin məqsədləyönlü şəkildə torpaqları və su ehtiyatlarını müsadirə etməsi ilə bağlı məlumatlar da qeyd olunur. Nümayişlərdə ərəblərlə bərabər kiçik etnik millətlər – Bəxtiyarlar və Lurlar da iştirak edirlər.

Neftlə zəngin olan Xuzistanda ərəb separatçıları tərəfindən Ənsar Əl-Furqan və Əhvazın Azadlığı Uğrunda Ərəb Mübarizə Hərəkatı hərbi-siyasi təşkilatları yaradılıb. Arab Center qeyd edir ki, 1999-ci ildə ərəb separatçıları əyalətdə enerji obyektlərinə təşkil olanan hücumlara görə məsuliyyət öz üzərlərinə götürüblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanın Ərəb Mübarizə Hərəkəkatını dəstəklədiyini və bu təşkilatla gizli bağlantılarının olması barədə iddialar da dolaşır. Buna sübut 2016-ci ilin dekabrında Köfrəz Əməkdaşlıq Şurasının iclasında təşkilatın lideri Həbib Cabir region ölkələrini İrana qarşı mübarizə aparmağa çağırmısıdır.

Molla rejiminin sunni Bəluclara zülmü

Balochistan separatist movement due to historical, political factors - The  Sunday Guardian Live

Londonda Bəlucistan Araşdırmalar Mərkəzinin direktoru Əbdül Səttar Doşuki BMT-nin İnsan Hüquqları Komissiyasının Milli Azlıqların Problemləri üzrə hesabatında İranda bəluclara qarşı ayrı-seçkilyin dövlət səviyyəsində aparıldığını qeyd edib.

“İran rejiminin Sistan və Bəlucistanda, o cümlədən digər vilayətlərdə də siyasəti irqi və mədəni ayrı-seçkilik, assimilyasiya, dini qərəzlik və bərabərsizlik, amansız zülm, məhrumiyyətlər və etnik xalqların təcrid edilməsinə əsaslanır," -deyə Doşuki bildirib.

Eyni zamanda Bəlucistan və Sistan vilayəti Xuzistan və Kurdistan əyalətləri kimi acınacaqlı və ağır sosial-iqtisadi problemlər, su çatışmamazlığı və ətraf-muhitin çirklənməsindən əziyyət çəkirlər. Pakistanda olduğu kimi, İranda yarı açıq şəkildə fəaliyyət göstərən bəluc silahlı birləşmələri mərkəzi hakimiyyətdən Bəlucistana muxtariyyətin verilməsini tələb edirlər.

Radikal sünnülük və sələfizm əsasları üzərində söykənən və bəluc xalqının dini və milli hüquqları uğrunda mübarizə aparan Cundullah, Caviş Əl-Ədl və Hizb Əl-Furqan İran ordusunun, təhlükəsizlik qüvvələrinin və SEPAH-ın yüksək rəsmilərinə qarşı sui-qəsdləri təşkil etmiş və bir çox partlayışlar törətmişdir.

Tehranın qorxulu yuxusu – Kürd silahlı qruplaşmaları

Iranian Kurds Are Rising Up Against the Mullahs

Xuzistan və Bəlucistanda olduğu kimi İranın Kürdüstan əyalətində muxtariyyət və ya müstəqillik uğrunda mübarizə beynəlxalq ictimaiyyətin diqqətində xüsusi yer alıb. Bu əyalətdə sabitliyin qorunması İranın təhlükəsizliyi və ərazi bütövlüyü baxımından hər zaman önəmli hesab edilib. Farslar və Azərbaycan türklərindən sonra üçüncü böyük etnik qrup olan və ölkənin əsasən Kurdistan, Qərbi Azərbaycan, Kermanşah və İlam əyalətlərində yaşayan kürdlər hər zaman Tehran tərəfindən təhlükəli faktor hesab edilib.

Həm monarxiya, həm də teokratik rejim məktəblərdə və dövlət orqanlarında kürd dilinin istifadəsini məhdudlaşdırıb. ABŞ Dövlət Departamentinin illik insan haqları hesabatında qeyd edilir ki, 2019-cu ildən etibarən mərkəzi hakimiyyət kürdlərin söz, ifadə və digər milli-mədəni hüquqlarını pozmağı davam edir. Hökumət kürd dilində nəşr olunan qəzetləri, jurnalları və kitabları qadağan edir və bu siyasətə qarşı çıxan jurnalistlər, hüquq müdafiəçiləri və yazıçılar həbs olunub. Eləcə də kürd əsilli vətəndaş cəmiyyəti fəalları, ekoloqlar və tələbələrə də represiyyalara törədilir.

Əhvaz ərəbləri və bəluclara nisbətən İran kürdləri daha çox hərbi-siyasi təşkilatlar yaradıblar.

İran Kürdüstan Demokrat Partiyası (PDKİ), Kürdistan Azad Həyat Partiyası (PJAK), KOMALA və Kürdüstan Azad Partiyası İran və Yaxın Şərqin siyasi tarixində kürd separatçılığın fəal qrupları kimi tanınır. Qeyd edək ki, 1980-ci illərdə Kürdüstan Demokrat Partiyası və KOMALA İslam rejiminə qarşı ciddi üsyan qaldıraraq rejimin ordusuna qarşı hücumlar təşkil etmişdir. Lakin kürdlərin silahlı üsyanları rejim tərəfindən amansızlıqla yatırıb və 10 min kürd silahlısı məhv edilib.

Hazırda kürd silahlı qruplaşmaların fəaliyyəti passiv görünsədə, İraqla sərhəd bölgələrdə, xüsusilə Qandil dağında hərbi bazaları var. Bir çox vaxtlarda İran ordusu ilə hərbi qardurmaya girməkdən çəkinmirlər.

PDKİ, PJAK və KOMALA kürd silahlı birləşmələri demokratik, sekular və federal İranın qurulmasının tərəfdarları olduğu halda, 1991-ci ildə Səid Yazdanpənah tərəfindən qurulan Kürdüstan Azadlıq Partiya İranın bölünməsinə və Yaxın Şərqdə böyük demokratik və sekular Kürdüstan dövlətinin formalaşması uğrunda mübarizə aparır.

Yunis Abdullayev



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...