“Azərbaycan Ermənistanla Qarabağı birləşdirən Laçın yolunda giriş-çıxış üzərində nəzarəti bərpa etməlidir”.
Bu sözləri Ednews-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan və rus sülhməramlıları arasında Laçın yolunda kiçik gömrük postunun qurulması ilə bağlı razılaşmanı şərh edərkən bildirib.
Söhbət zamanı o, qeyd edib ki, Laçın yoluna nəzarətin edilməsi Azərbaycan ərazilərində təhlükəsizliyin təminatı üçün ilkin priotetdir.
“Rusiya Sülhməramlı Kontigenti ərazilərimizdə yerləşdikdən sonra Azərbaycan heç bir halda Laçın dəhlizinin dövlət səviyyəsində bağlanması barədə məsələ qaldırmayıb. Bu məsələ ilə bağlı bir dəfə də olsun rəsmi məlumat yaymayıb. Amma indiki Laçın yolunda giriş-çıxışa nəzarətin gücləndirilməsi Azərbaycanın priotetlərindən biridir”.
Hərbi ekspert bildirib ki, Azərbaycan-Ermənistan sərhədində Həkəri çayın üzərində qurulacaq yeni gömrük məntəqəsinə sülhməramlılar ilə bərabər Azərbaycan Gömrük Xidməti də nəzarət edəcək.
“Əgər yeni gömrük postunda yalnız rus sülhməramlıları yerləşəcəksə, heç nə dəyişməyəcək. Əvvəlki vəziyyət olduğu kimi qalacaq. Ona görə də Azərbaycan Laçın yoluna və həmin yol vasitəsi ilə Ermənistana və ya bu ölkədən Qarabağa daşınacaq yüklər üzərində nəzarət mexanizmi tətbiq etməlidir. Gömrük postu vasitəsi ilə həmin yol üzərində nəzarət bərpa edildikdən sonra Qarabağda yerli erməni sakinlərin Azərbaycan pasportu və ya ərazilərimizi tərk etməkdən başa yolu olmayacaq”.
Ədalət Verdiyev həmin ərazidə DTX və Gömrük Xidmətinin nəzarət məntəqələrinin qurulması ehtimalına da münasibət bildirib.
“Dövlət Sərhəd Xidməti, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin Laçın yolu daxilində hər hansı məntəqəsinin qurulmasına ehtiyac yoxdur. Onsuzda bu yolda yerləşəcək gömrük məntəqəsi müvəqqəti xarakter daşıyır. 2025-ci ilin sonunda rus sülhməramlıları zatən silahlarını və əşyalarını toplayıb ərazilərimiz tərk edəcəklər. Bundan sonra Azərbaycan sərhədləri daxilində gömrük xidmətinin heç bir nəzarət-buraxılış məntəqəsinə də ehtiyac olmayacaq. Hazırki gömrük məntəqəsinin əsas məqsədi Qarabağda yaşayan ermənilərə silah-sursatın və digər təhlükəli vasitələrin daşınmasının qarşısını almaqdır”.
Sonda Ə.Verdiyev vurğulayıb ki, zərurət yaranarsa Azərbaycan Silahlı Qüvvələri anti-terror əməliyyatları ilə ərazilərimizi qanunsuz erməni silahlılarından təmizləyəcək.
Yunis Abdullayev