Politoloq: "İranla münasibətlərdə gərginlik nisbətən azala bilər"

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti, bəzi mövcud problemlər və onların həlli məsələləri müzakirə edilib.
 
Ednews xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu fesbuk profilində bunları yazıb:
 
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı baş tutub. Əlbəttə, münasibətlərdə gərginlik olsa belə dialoqun davamı vacibdir, sadəcə Tehran heç bir addım atmır. Tehran həbs etdiyi tələbəmizi azad edərsə, səfirliyimizə terror hücumun araşdırılması barədə Bakıya müfəssəl məlumat verərsə, münasibətlərdə gərginlik nisbətən azala bilər, bu şərtlə ki, Azərbaycana qarşı informasiya savaşını da dayandırsınlar. Əks halda nazirlər nə qədər telefonla danışsalar da, faydası olmayacaq".
 
Qeyd edilən istiqamətlərdə iki ölkənin aidiyyəti qurumları arasında danışıqların və qarşılıqlı təmasların davam etdirilməsinə dair razılıq ifadə olunub.
 
Telefon danışığı zamanı həmçinin bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Oğuz