İyulun 25-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanla üçtərəfli və ikitərəfli formatda danışıqları keçiriləcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Məsələ ilə bağlı Ednews-a danışan politoloq İlqar Vəlizadə görüşdə müzakirə olunacaq mövzulardan danışıb. O, qeyd edib ki, görüşdə əsasən Qarabağda yaşayan ermənilərin mövcud olduğu yerlərdə yaranan süni gərginliyin, sülh müqaviləsi ilə bağlı olan sərhədlərin demarkasiya və demilitasiyası məsələləri və həmçinin yolların açılması ilə bağlı məsələlər prioritet olacaq.
“Əsasən də son 2 məsələnin tam həlli ilə bağlı hər üç tərəfdən də fikirlər alınacaqdır. Rusiya XİN – in yayımladığı son bəyənatlarda da təzadlı məqamlar mövcuddur. Həmin təzadlı məqamlar ondan ibarətdir ki, Qarabağ iqtisadi rayonu ilə əlaqəli olan narahatlığını erməni mövqeyindən bildirməsidir. Sözsüz Azərbaycan tərəfinin hədəfləri aydındır və düşünürəm ki, bu məsələ ilə bağlı da Azərbaycan tərəfi aydınlıq gətirməyə çalışacaqdır. Görüşdə hansısa sənədin və ya qərarın qəbul olacağını gözləmək olmaz”.
Sonda İlqar Vəlizadə Rusiyanın Cənubi Qafqazda yürütdüyü siyasətindən də söz açıb.
“Son dönəmlərdəTürkiyənin regionda aktivləşdiyini nəzərə alaraq, Rusiya da ola bildiyincə öz siyasi maraqlarını nəzarət altında saxlamağa çalışır. Çünki Rusiya Türkiyənin, onun Cənubi Qafqazdakı rolunu da ələ keçirməsinə özü üçün fəlakət sayır”.
Əkbər Şəbəndəyev