PKK terror təşkilatının 50 döyüşçüdən ibarət ilk qrupu 10 gün ərzində İraqın şimalındakı Dəhuk şəhərində silahlarını təhvil verəcək.
“EDnews” xəbər verir ki, əvvəllər özünü buraxdığını elan edən təşkilatın tərksilah olunması prosesi sentyabra qədər başa çata bilər.
Bildirilir ki, döyüşçülərin silahlarını təhvil verməsi Türkiyə, İraq mərkəzi hakimiyyəti və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək. "Hürriyet" vurğulayır ki, sözügedən proses digər ölkələrin və BMT-nin nümayəndələrinin iştirakı olmadan baş tutacaq: "Bütün döyüşçü düşərgələri daha sonra İraq hakimiyyətinin nəzarətinə keçəcək".
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərin PKK-nın tamamilə tərksilahının müddəti ilə bağlı suallarını cavablandırarkən bunun yaxın vaxtlarda baş verə biləcəyini bildirib: "Mən konkret müddət demək istəmirəm... Biz bunun yaxın günlərdə baş verə biləcəyi mərhələyə çatmışıq. Bu, Türkiyəni terrordan xilas etmək baxımından son dərəcə vacibdir".
Xatırladaq ki, 5-7 may tarixlərində keçirilən PKK-nın 12-ci qurultayında terror təşkilatı özünü buraxması barədə qərar qəbul edilib.