Moskvada yaşayan Azərbaycanlı alim, professor Ələddin Allahverdiyev dünən – 25 noyabr 2019-cu ildə Rusiyanın nüfuzlu X.A.Raxmatulin adına medal və G.A.Tyulin adına medalla təltif olunub.
Eurasia Diary xəbər verir ki, bu barədə Karabakhmedia.az saytına professor Ələddin Allahverdiyevin həmyerlisi və yaxın dostu, tədqiqatçı-jurnalist Araz Yaquboğlu məlumat vermişdir.
"25 noyabr 2019-cu il tarixdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Rusiya Elmlər Akademiyasının Nəzəri və Tətbiqi mexanika üzrə Milli Komitəsinin və Rusiya Kosmonavtika Federasiyasının birgə müşavirəsində Moskva Dövlət Elektron Texnika İnstitutunun professoru Ələddin Allahverdiyev gördüyü elmi işlər barəsində geniş məruzə ilə çıxış etmişdir. Məruzədən sonra professor Ələddin Allahverdiyev bu sahələrdə aldığı dəyərli, sanballı elmi nəticələrə görə böyük elmi əhəmiyyət kəsb edən iki – X.A.Raxmatulin və G.A.Tyulin adına medalla təltif edilmişdir.”
Araz Yaquboğlu həmçinin qeyd etmişdir ki, bu medallar ona görə əhəmiyyətlidir ki, onlar ayrı-ayrı sahələrdə: kosmik fəzanın tədqiqində və piezoelectric mühitlərdə dalğaların yayılmasının, pyezorlektrik sistem və cihazların əlaqəli rəqslərinin tədqiqinə aiddir. Və bu sahədə elmi yeniliklər etmiş alimlər bu medallarla təltif olunur.
Onu da qeyd edək ki, G.A.Tyulin Sovet kosmik proqramının banilərindən biri, Azərbaycanlı alim Kərim Kərimovun yaxın dostu olub.