Diplomların yeni tanınma qaydalarının üstünlüyü nədir? - Təhsil ekspertindən ŞƏRH - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Diplomların yeni tanınma qaydalarının üstünlüyü nədir? - Təhsil ekspertindən ŞƏRH

Elm və texnologiya A- A A+

Xəbər verdiyimiz kimi, xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişib.

Dəyişikliklərlə bağlı Ednews-a danışan təhsil eksperti Kamran Əsədova görə, bu kifayət qədər müsbət və inqilabi dəyişiklikdir.

“Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Yəni daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Bu çox yaxşı haldır. Amma əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak etməlidirlər. Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu doğru addımdır. Təhsil nazirliyi bunu yoxlaya bilməzdi”.

Ekspertin sözlərinə görə, təhsil alanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.

“Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq. Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək”.

K.Əsədov qeyd etdi ki, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. 

“Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar”.

Ekspert həmçinin onu da qeyd etdi ki, xarici ölkələrdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil alanlardan başqa, digər ixtisaslar üzrə məzun olub diplom almış şəxslər Azərbaycan ərazisində heç bir imtahan verməyəcəklər.

“Onların yalnız təhsil aldıqları ölkənin ərazisində qalma müddətləri, diplomun həqiqiliyi və ali təhsil müəssisəsinin rəsmi lisenziyasının olması yoxlanılacaq.  Yəni daha tədris dili imtahanı keçirilməyəcək. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə məzun olanlar isə Dövlət İmtahan Mərkəzinin təşkil edəcəyi müvafiqi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunacaq.

Səhiyyə və tibb sahələri üzrə ixtisasların qiymətləndirilməsi isə Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək”.

Sonda təhsil eksperti onu da qeyd etdi ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Apellyasiya Komissiyası fəaliyyət göstərməyə başlayacaq ki, xarici diplomlarının tanınmaması haqqında verilmiş qərardan narazı olan şəxslər birbaşa komissiyaya müraciət etmək hüququ əldə edəcəklər”.

Aynurə İsmayılqızı 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...