Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Bu barədə tikinti işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 kilometr, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1,5 metr təşkil edir.
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.
Hazırda yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir.
Ümumilikdə isə yolun təqribən 60 min kvadratmetr ərazisinin asfaltlanması nəzərdə tutulub.
Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6 min 426 poqonmetr yeni səki daşlarının düzülməsi işləri aparılıb.
Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşıması yaxşılaşacaq.