ADA Universitetində magistratura pilləsinə yerli və xarici tələbələrin iştirak etdiyi 2018-19-cu tədris ili üçün sənəd qəbulu sona çatır.
Sənəd qəbulu aprelin 5-dək davam edəcək.
Maraqlanan namizədlər əlavə məlumatı Universitetin rəsmi saytından əldə edə bilərlər.
ADA Universitetində tədris ingilis dilində aparılır. Dərslər tanınmış azərbaycan və xarici professorlar tərəfindən keçirilir. Hazırda ADA Universitetinin tədris proqramlarında azərbaycanlı tələbələrlə yanaşı, xarici tələbələr də iştirak edirlər.
Bu universitetin magistrları bir sıra ölkələrə qısa akademik səfərlərdə iştirak imkanı qazanırlar. Həmçinin tələbələr klublar yaratmaqla, beynəlxalq konfranslarda və müxtəlif layihələrdə iştirak etməklə fəal universitet həyatı əldə edirlər.
Xatırladaq ki, ADA Universiteti — Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil müəssisəsidir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb. Akademiya 2009-cu ildən magistr pilləsi, 2011-cu ildən bakalavr pilləsində ali təhsil verir.