ADA Universiteti 8 noyabr, 2018-ci il tarixində Milli Bayraq Gününü təntənə ilə qarşıladı. Avropa və Dünya çempionatlarında qızıl medal qazanmaqla öz mövqeyini möhkəmləndirən milli güləşçimiz – Rəsul Çunayev öz gəlişi ilə tədbirə rəng qatmış, başlanğıc olaraq ADA Universiteti kollektivi ilə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmişdir.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Las Veqasda keçirilən dünya çempionatını qızıl medalla başa vuran Rəsul Çunayev tədbirdə hər bir azərbaycanlını Bayraq Günü münasibətilə ürəkdən təbrik edib və gəncləri vətənpərvər olmağa çağırıb. Bundan əlavə, o qeyd edib ki, uğur qazanmaq heç də göründüyü qədər asan iş deyil - əksinə zaman və davamlı məşq tələb edən uzunmüddətli bir prosesdir. Bu məqamda Rəsul Çunayev ailəsinin onu daim dəstəklədiyini də vurğulayıb.
9 Noyabr tarixində düz 100 yaşı tamam olacaq ulu Azərbaycan bayrağı tədbirdə bir daha dalğalandırılıb. Rəsul Çunayev bayrağımızın daim dalğalandırılmasını arzu edərək nitqini sonlandırıb. Tədbirin daha maraqlı bir məqamı ADA tələbələrinin üzlərinə sünii boya ilə bayraq rəsmini çəkməsi və Rəsul Çunayevin ADA kollektivi ilə şəkil çəkdirməsi olmuşdur.
Günay İsmayılzadə