UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı, ICLEL-in dəstəyi, Paşa Holdingin sponsorluğu ilə 31 may-2 iyun tarixlərində "İqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistrantların beynəlxalq elmi konfransı" baş tutmuşdur.
31 may tarixində Fairmont hoteldə konfransın açılış mərasimi keçirilmişdir. Başda Təhsil Naziri cənab Ceyhun Bayramov, UNEC rektoru cənab Ədalət Muradov, BMDM dekanı cənab Fariz Əhmədov olmaqla, bir çox elm və təhsil adamları, həmçinin tələbələr konfransa qatılmışdır.UNEC-in rektoru, professor Ədalət Muradov magistrləri I Beynəlxalq Elmi Konfransın keçirilməsi münasibətilə təbrik edərək, konfransın işində onlara uğurlar arzulayıb. UNEC-in elmi tədqiqatyönümlü universitetə çevrilməsi istiqamətində atdığı addımlardan danışan rektor, universitetdə elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən islahatlara diqqət çəkərək, UNEC müəllimlərinin Web of Science də çap olunan məqalələrinin 76%-nin məhz son 4 ilin payına düşdüyünü bildirib.
Təhsil naziri Ceyhun Bayramov bilik iqtisadiyyatı dövründə hərtərəfli və dayanıqlı inkişafın təmin edilməsində elm və təhsilin rolunun artdığını bildirib. İqtisadiyyatın inkişafında ali təhsilin rolunun xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərinə toxunub. Strategiyanın hədəflərinə uyğun olaraq, son 6 ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayında 20,8 faiz artım müşahidə edildiyini, 2018-ci ildə 41 mindən çox şəxsin tələbə adını qazandığını vurğulayıb.UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, BMDM-də 11 ixtisas və 39 ixtisaslaşma üzrə 4 dildə tədris aparılır. Mərkəzdə 1200-dək yerli və əcnəbi magistrin təhsil aldığını deyən F.Əhmədov onların beynəlxalq və elmi uğurları barədə də danışıb. UNEC-in magistrlərinin 4 məqaləsinin “Web of Science”də indeksləşmiş jurnallarda dərc olunduğunu qeyd edib. F.Əhmədov konfransa yerli və əcnəbi magistrlər tərəfindən 385 məqalənin tədim edildiyini bildirib.
Daha sonra Azərbaycan, ingilis, türk və rus dillərində olmaqla magistrantlar plenarda çıxış etmişlər.
Çıxışlar sonrasında məruzəçilər sertifikat və hədiyyələr ilə təltif olundu.
31 may-2 iyun tarixlərində konfrans iştirakçıları proqrama uyğun olaraq UNEC IV korpusunda öz məqalələrini həmsədrlərin iştirakçı ilə təqdim etmişlər.