Bölgələrimizdə gənclərimizin öz inkişaflarına maraq göstərməsi çox sevindirici haldır. Xüsusilə gənclər arasında qızlarımızın fəallığını görmək bizi daha da svindirir. Unutmayaq ki, cəmiyyətin inkişafında savadlı və dünyagörüşlü qadınların da əvəzsiz payı vardır.
Onun böyük arzusu var, gələcəkdə jurnalist olub Qarabağın azad edilməsi xəbərini verən ilk müxbir olmaq istəyir. 15 yaşlı Əfşanə Tərtər rayonunun sakinidir və məktəbli olmasına baxmayaraq bir çox layihələrdə fəallıq gösərib. O, BMT-nin Uşaq Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) layihəsinin Tərtər rayon Məşvərət Şurasının üzvüdür.
Əfşanə öz həmyaşıdlarının və rayon gənclərinin inkişafı üçün həyata keçirilən ingilis dili kursları layihəsinin əsas iştirakçılarındandır. Bu layihə rayon gənclərinə pulsuz ingilis dilini öyrətməyi ehtiva edir.
“Layihəni hazırlamazdan əvvəl biz məktəblərarası sorğu keçirdik və fikirləri öyrəndik. Sorğu nəticəsində ən çox ehtiac duyulan ingilis dili kursu olduğunu müəyyənləşdirdik. Layihəni yazarkən çox həyəcanlı idik və narahat idik ki, bəlkə bizdə alınmaz. Lakin sonda bizim layihə qəbul olundu və mart ayından onun icrasına başladıq. Hal-hazırda karantin rejimi olduğuna görə biz kursları 29 Martdan etibarən distant formada həyata keçiririk”, deyə Əfşanə EDNews-a danışdı.
Tərtərdə bu layihə çox maraqla qarşılandı, çünki müasir dünya ilə tanışlıq üçün ingilis dili çox önəmli hesab olunur, eyni zamanda onların gələcək karyeralarında da bu dilin öyrənilməsi vacibdir.
Əfşanə söyləyir ki, uşaqları kurslara cəlb etmək üçün onlarla söhbət aparılırdı və bəzi uşaqlarda bacarıqlarına dair şübhələr olsa da onlar kurslara qatılmağa həvəsləndirilirdi. Əsas məqsəd isə sadəcə onları kursa cəlb etmək deyildi, həm də onlara məqsədləri uğrunda daha da əzmkar olmağı öyrətmək idi.
“Əgər ingilis dilinə bu qədər həvəsin varsa və məqsəd qoymusansa qarşına nə üçün də öyrənməyəsən?! Bəziləri sözlərin tələffüzü və dilin çətinliyinə görə imtina etmək istəyirdilər. Biz də onlara eyni çətinliklə üzləşdiyimizi dedik və öz üzərlərində çox çalışmalı olduqlarını bildirdik. Biz uşaqların valideyinləri ilə danışdıq və uşaqlar bundan ruhlandılar," deyə Əfşanə başlanğıcın çox da asan olmadığını bildirdi.
Layihəyə 22 yeniyetmə uşaq qatılmışdı və onların 12-si qız 10-u isə oğlan idi və əsasən də 14-15 yaşlı uşaqlar idi.
Əfşanə uğurlu yolda irəliləməsində valideynlərinin və ailəsinin dəstəyini əsas hesab edirdi. Bir çox valideynlər övladlarının Bakıya - UNİCEF-in ofisinə gəlməsinə razılıq verməsələr də onun valideynləri belə etmədi.
“Mənim valideynlərim UNİCEF-in ofisinə gəlməyimdən narazı olmadılar və bunu dəstəkləyərək dedilər ki, sən ora gedəndə cəmiyyətə adaptasiya olacaqsan, özünə güvən əldə edəcəksən, dünya görüşün artacaq və daha da fəal olacaqsan. Valideynlərim əlavə vaxtlarımın səmərəli keçməsi üçün bu cür layihələrə qoşulmağımı istəyir. Bizim rayonda xüsusilə qız valideynləri öz övladlarının bu cür layihələrdə iştirakına narazılıq bildirsələr də mənim valideynlərim bunun əksini edib”.
O, Tərtər rayonunda həmyaşıdlarının boş vaxtlarını səmərəli keçirmək üçün imkanların azlığından şikayət edir. Bundan əlavə olaraq qız uşaqları üzərində məhdudiyyətlər və qınaqlar da onların sərbəst şəkildə qərar vermələrinə və öz gələcəklərini müəyyən etməklərinə mane olur.
“Küçədə qızları velosiped sürməyə, valeybol oynamağa qoymurlar. Lakin ötən illərə baxanda qınaq az olsa da yenə də onlara küçədə bu cür oyunlara icazə vermir yalnız öz həyətlərində olar.”
O, ən azından qızların rahat əyləncələri üçün bir stadionun olmasını vacib hesab edir.
“Mən jurnalist olmaq istəyirəm hətta elə valideynlər var ki, buna icazə verməsələr də mənim valideynlərim və qohumlarım mənə istədiyim ixtisası seçməyi tövsiyə edirlər. Bəzi valideynlər uşaqlarının ixtisas seçiminə qarışmaqla onları həvəsdən salırlar”.
Əfşanə çıxış yolunu isə valideynlərlə maarifləndirici tədbirlərin aparılması və uşaqların da öz istəklərini valideynlərinə daha da düzgün izah etməsində görür. O, ümid edir ki, əgər uşaqlar valideynlərin psixoloqu olsa o zaman bu problemlər tədricən dəyişə bilər.
“Mən düşünürəm ki, valideynlərlə uşaqlar dost olmalıdırlar. Valideynlər uşaqlara dəstək olmalı və onların istəklərini nəzərə almalıdırlar. Bu zaman həmin mənfi hallar aradan qalxar”.
Təbii ki, bu yolda uşaqların da savadlarının artması və cəmiyyətin daha da inkişaf etməsi lazımdır. Bu istiqamətdə ingilis dili kursunun böyük rol oynayacağı təbii ki, danılmaz məsələdir. Yaşının az olmasına baxmayaraq Əfşanə böyük arzulara və ümidlərə sahibdir. Onun sadəcə özünün deyil, eyni zamanda yaşadığı cəmiyyətin inkişafında bir pay sahibi olmağı təqdirəlayiqdir.
Ülvi Əhmədli