Rusiyada yaşayan azərbaycanlı hərbi müxbir Rafiq Əliyev Rusiya Jurnalistlər İttifaqının hərbi jurnalistlər bölməsinin mükafatına layiq görülüb. Qeyd edək ki, bu mükafat Böyük Vətən müharibəsi iştirakçısı Konstantin Simonovun adını daşıyır və Rusiyada hərbi müxbirlərə verilir.
Rafiq Əliyev 1970-ci ilin yanvar ayında Sumqayıt şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra 1984-cü ildə Cəmşid Naxçivanski adına hərbi liseyə daxil olub. 1987-ci ildə Rusiyanın Voronej şəhərində Ali hərbi liseyə qəbul olub. O, 1992-ci ilin əvvəlindən 1994-cü ildə atəşkəs elan olunan anadək Qarabağ bölgəsində qulluq edib. Həmin illərdə aldığı yaralara görə 1995-ci ildə ordudan tərxis olunub. 1996-cı ildən Rusiyada yaşayır.
Rafiq Əliyev 7 ildir ki, jurnalistika sahəsində fəaliyyət göstərir. O, aldığı mükafat barədə Eurasia Diary saytına danışıb.
“Jurnalistika sahəsindəki yazılarım daha çox hərbi mövzuda olub. Keçən il Azərbaycan ordusunun yaranması haqda məqalə yazmışdım. Azərbaycan ordusunun yaranmasının 102-ci ildönümünü burda da təntənəli şəkildə qeyd etdik. Bununla Rusiya oxucusuna da çatdırdıq ki, ordumuz dünən yaranmayıb. Azərbaycan ordusunun XIX əsrdə Rusiya imperiyasında çar dönəmindən indiyədək 140-a yaxın generalı olub. Bu mövzuda üç-dörd veriliş hazırlandı. May ayında Azərbaycan qəhrəmanlarından Böyük Vətən müharibəsi iştirakçılarına kimi 10 qısa veriliş hazırladıq.
Bu il Rusiya Jurnalistlər İttıfaqının hərbi jurnalistlər bölməsinin mükafatına layiq görüldüm. Deyim ki, bu mükafata namizədliyim irəli sürüləndə mənim xəbərim yox idi. Mükafat verilərkən müəyyən səbəblərdən məni tapa bilməyiblər və yalnız bu ilin yanvarında mənə bu barədə xəbər verdilər. Jurnalistlər Evinə dəvət olundum və sözügedən mükafatı mənə təqdim etdilər”.
Rafiq Əliyev Azərbaycan həqiqətlərini yaymaq üçün LiveTv.az adlı tətbiq də yaradıb.
“Beş il bundan əvvəl biz IP TV adlı şirkət açdıq. Bu televiziyaya evdə böyük ekranlarda baxmaq mümkündür. Bizdən xahiş edirdilər ki, ona böyük ekranda yox, telefonda baxılmasını mümkün edək. Beləcə iki il bundan öncə LiveTv.az adlı tətbiqi yaratdıq. Əvvəlcə Azərbaycan, sonra da Türkiyə kanallarını əlavə etdik. Xüsusilə də 44 günlük müharibə zamanı çox böyük populyarlıq qazandı. Hazırda tətbiqin iki yüz minə yaxın abunəçisi var. Biz LiveTv.az-ı xaricdə yaşayan azərbaycanlıların rahat istifadəsi üçün yaratmışıq. Bu yaxınlarda onu yenilədik və Azərbaycan mətbuatını əlavə etdik. Üçüncü bölmədə Teleqram və Youtube kanalları kimi sosial şəbəkələrdə Azərbaycan bloqerlərini, mədəniyyətimizi, tariximizi təbliğ edən şəxsləri ora yönəldirik”.
Gülnar Səlimova