Uzun Həsənin zirehli geyimi Bakıya gətiriləcək | Eurasia Diary - ednews.net

19 İyun, Şənbə


Uzun Həsənin zirehli geyimi Bakıya gətiriləcək

Cəmiyyət A- A A+

İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikovanın APA-ya müsahibəsi

18 May - Beynəlxalq Muzey günü ilə əlaqədar İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova ilə görüşdük. Söhbətimiz ötən il açılan, lakin pandemiya ilə əlaqədar bir çox muzeysevərlərin hələ də ziyarət edə bilmədikləri Yeraltı hamamda baş tutdu. Əminə xanım bizi həm Yeraltı hamamla tanış elədi, həm də muzeylərin pandemiya dövründəki fəaliyyəti barədə danışdıq. İlk sualımız da elə Yeraltı hamamı ilə bağlı oldu.

- Türkiyəli səyyah Övliya Çələbi öz “Səyahətnamə”sində bu hamamdan bəhs edib. Məlumdur ki, XVII əsrin ortalarında Övliya Çələbi Bakıdakı toy məclislərinin birinə qonaq qismində qatılıb. O, “Səyahətnamə”də Bakıdan bəhs edərək deyir ki, İçərişəhərdə bir neçə hamam var idi, amma Qala divarının yaxınlığında yerləşən hamamın suyu daha xoş və şiriniydi. Bizim tarixçilər belə güman edirlər ki, Övliya Çələbi məhz bu hamamı nəzərdə tutub. Hamam 2016-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilib. Daha sonra Avropanın orta əsrlərə aid memarlıq abidələrinin bərpa və konservasiya sahəsində ən aparıcı şirkətlərdən olan “Atelier Erich Pummer GmbH” tərəfindən bərpa və konservasiyası aparılıb. 2020-ci ilin iyun ayında isə Prezident İlham Əliyev və Mehriban xanım buranın açılışında iştirak ediblər, bundan sonra muzeyin ekspozisiyası ziyarətçilərə nümayiş edilib. Hamam 2 böyük və 11 kiçik günbəzdən ibarətdir. İçərişəhərdə 6 hamam var ki, onlardan ikisi hazırda fəaliyyət göstərir.

Yeraltı Hamamı

- Hamamın yerin altında tikilməsinin səbəbi nədir?

- XIX əsrin ortalarına qədər Bakı və Abşeronda hamamlar, adətən, yerin altında inşa olunurdu. Bu da temperaturunu sabit tutmaq üçün edilirdi. Baxın, içəri necə sərindir. Yerin altında inşa edilən bu cür hamamlar yayda sərin, qışda isə isti olurdu, çünki temperatur rejimini tənzimləmək daha asandır. Lakin XIX əsrin ortalarından sonra Bakıda sənaye üsulu ilə neft çıxarılmasına başlanıldı. Bunun nəticəsində də artıq şirin suya neft qarışmağa başladı. Ona görə bu cür yeraltı hamamlar tədricən sıradan çıxdı və əsasən, təsərrüfat məqsədilə istifadə edilməsinə başlanıldı. Ümumən orta əsrlərdə hamamlar məişətimizin, adət-ənənələrimizin böyük hissəsini təşkil edirdi. Baxın, bu Əzim Əzimzadənin “Qadın hamamı” adlı əsəridir (Otaqlardan birində nümayiş olunan rəsm əsərini göstərir). Bu şəkildən də o dövr insanlarının hamamda necə yüksək əhval-ruhiyyəyə sahib olduqlarını duya bilərik. Sosial statuslarından asılı olaraq, qadınlar müxtəlif ölçülərdə hamam sandıqları ilə hamama gələr, o sandıqlarda hamam əşyalarını gətirər, zinət əşyalarını çıxarıb o sandıqlara qoyardılar. Çünki qadınlar hamama öz qır-qızıllarını taxıb, qəşəng, bahalı geyimlərini geyinib, bəzənib-düzənib gəlməyi xoşlayardılar. Çünki orta əsrlərin qadınları evdən çölə az hallarda çıxırdılar. Buna görə də zinət əşyalarını nümayiş etdirmək üçün ən əlverişli yer hamam hesab olunurdu.

Əzim Əzimzadənin “Qadın hamamı” adlı əsəri

- Yəni hamam orta əsrlərdə qadınların sosiallaşdığı məkan idi?

- Əlbəttə. Qız bəyənirdilər, şəhərdə baş verən yeniliklərdən xəbər tuturdular. Hətta kişilər üçün də hamam vacib ünsiyyət məkanı hesab olunardı. Lakin həftədə bir gün qadınlar gələndə qapıdan qırmızı fitə asılardı. Bu o demək idi ki, həmin gün zənən hamamıdır.

- Bu dayandığımız kiçik otaq da çimmək üçün idi?

- Bəli, hamamların ümumi zallarından savayı bu cür kiçik otaqları da olurdu, buna xəlvəti otaqlar deyirdilər.

- Hamamlar o dövrdə neftlə, yoxsa odunla qızdırılırdı?

- Hamamın qızdırıldığı yeri - qazanxananı hamamın ürəyi də adlandırmaq olar. Onun böyründə yanacağın qalığının yığıldığı küllük də var. Küllükdə daşlaşmış kül və qətran qalıqlarını görə bilərsiniz. Bilirsiniz, Bakı və Abşeron yarımadası ağac-meşə baxımından zəngin deyil. Üstəlik, Azərbaycan neftinin bir xüsusiyyəti var ki, sarı, şama bənzər konsentrasiyası olan kondensata çevrilir, bundan da yanacaq kimi istifadə olunurdu. Ocaqxanada gecə-gündüz su qaynayır, isti su borularla hamama ötürülürdi. Qaynayan suyun buxarı isə dəridən düzəldilmiş tunellə birinci günbəzə verilirdi. Digər günbəz və xəlvəti otaqlar isə isti su xəzinəsindəki buğla isinərdi.

Daşlaşmış kül-qətran qalığı

Muzeyin otaqlarını gəzəndən sonra ekspozisiyaların bir neçəsi ilə tanış oluruq. Əminə xanım nümayiş olunan taxta parçasını göstərir.

- Hamamın şimal istiqamətində olan pəncərəsində bu ağac qalığı tapılıb. Almaniyada aparılan radio analiz zamanı məlum oldu ki, bu ağac məhz XVII əsərin ortalarına aiddir. Bu, bir daha onu deməyə əsas verir ki, Övliya Çələbi məhz bu hamamdan bəhs edib. Baxın XVII əsrə aid bir hamamda kanalizasiya borusu, tualet var. Bu adi hal deyil. Hər hamamda tualet və yeraltı borular olmurdu. Ümumiyyətlə o dövrün hamamları mürəkkəb kanalizasiya və su xəttinə malik idilər. Bu hamamın girişində fəvvarə var. O qədər mükəmməl texnikaya malikdir ki, indi də işə salsan fəvvarə vurar. Dediyim kimi, hamam orta əsrlərdə vacib bir məkan sayılırdı və hamamçılıq ağır və gəlirli sahə hesab olunurdu, adətən ya onu inşa edənin, ya da işlədənin adı ilə bağlı olurdu.

Hamamın şimal istiqamətində olan pəncərəsində bu ağac qalığı tapılıb

- Muzeyin ekspozisiyalarına daxil olan digər eksponatlar hansılardır?

- Gördüyünüz çıraqlar, sikkələr, saxsı qabların qalıqları hamamın ərazisindəki arxeoloji qazıntılar zamanı aşkarlanıb. 1806-cı ildə Bakı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra hamamın üstündəki ərazidə kazarmalar yerləşdirildi və bura tədricən texniki zibillə doldurulub it-bat oldu. Baxın, içi dəlik olan yumru daşların nəyə xidmət etdiyi bizi çox düşündürürdü. Nəhayət, məlum oldu ki, bu daşlar kəndirə keçirilir, sonra kanalizasiya borularının təmizlənməsi üçün istifadə edilirmiş. Digər ekspozisiyada isə İçərişəhər Muzey Mərkəzinin fondlarında qorunub saxlanılan hamam adət-ənənələrimizə aid əşyalar nümayiş olunur. Ümumiyyətlə, qadın və hamam çox geniş mövzudur. Tikmə, fitə, taxta çarıq - bunlar hamısı qadınların istifadə etdikləri hamam əşyasıdır. Hazırda dayandığımız yer isə hamamın qəbul otağı hesab edilə bilər. Adamlar hamamdan çıxandan sonra burada bir qədər dincəlib sonra gedərdilər. Orta əsrlərdə insanlar hamama gələndə burada bir neçə saatlarını deyil, günlərinin çox hissəsini keçirərdilər; qəlyan çəkir, çay içir, ticarət sövdələşmələri həyata keçirirdilər. Bəlkə də Şərqdə hamamlara diqqət İslam dinindən də qaynaqlanır. Orta əsr səyyahları Avropa şəhərlərinin kirin, çirkabın içində batdığını yazırdılar, amma Şərqə gələndə təmizliyə, gözəl qoxulara heyran qalırdılar. Dediyim kimi, bu, İslam dinindən irəli gəlirdi.

bu daşlar kəndirə keçirilir, sonra kanalizasiya borularının təmizlənməsi üçün istifadə edilirmiş

- Elədir. Cümə günü hər bir müsəlman əvvəlcə hamama gedər, daha sonra isə Cümə namazına yollanardı.

- Doğrudur. Bəlkə elə buna görə də orta əsrlərdə hamamlar, adətən, məscidlərin yaxınlığında inşa edilərdi. Tarixçilərimiz belə təxmin edirlər ki, Yeraltı hamam şəhərə gələn insanlar üçün tikilib ki, burada çimib, təmizlənsinlər, sonra şəhərə daxil olsunlar. Çünki bu hamam məhz Qoşa Qala qapılarının yanında inşa edilib. Və XVII əsrin ortaları üçün yetərincə böyük hamamdır.

- Əminəm xanım, elə bilirəm oxucularımıza İçərişəhər Muzey Mərkəzində açılan bu yeni muzey haqqında kifayət qədər məlumat verə bildiniz. Buna görə də mən başqa bir suala keçmək istərdim, pandemiya muzeylərə necə təsir etdi, hansı çətinliklərlə qarşılaşdılar?

- Ötən il martın əvvəllərində respublikamızın bütün muzeyləri pandemiya ilə əlaqədar ziyarətçi qəbulunu dayandırdı. Lakin fəaliyyət dayanmadı, onlayn rejimində işləməyə başladılar. Bu da muzey və ziyarətçi arasında ünsiyyətin yeni mərhələsini doğurdu. Lakin müəyyən vaxt keçəndən sonra, dəqiq desəm, bu il yanvarın sonundan muzeylər yenidən açıldı. Biz hazırda ziyarətçi qəbul edirik, lakin təbii ki, pandemiya qaydalarına əməl etmək şərti ilə, yəni 5-10 nəfərlik qruplar şəklində muzeylərə buraxırıq. Onu da deyim ki, hazırda xarici turistlər olmadığı üçün lokal turizmin inkişafı sahəsində də bir sıra maarifləndirici layihələr həyata keçirmişik. Dediyim kimi, pandemiya dövrü bütün dünyada olduğu kimi, bizim üçün də yeni mərhələdir və biz bundan istifadə edərək bir sıra onlayn tədbirlər keçirdirik.

Arxeoloji qazıntı zamanı hamamdan tapılmış çıraqlar

- Bu dövrdə muzeylərin bir çoxu virtual ziyarətçi qəbuluna önəm verdi. Muzey Mərkəzinə daxil olan muzeylərdə bu qəbildən layihələr gerçəkləşdirildi?

- Biz Almaniya şirkəti ilə əməkdaşlıq şəklində 360 dərəcəlik virtual tur istifadəyə vermişik. Layihə ilk olaraq Şirvanşahlar sarayından başladı, Şirvanşahlar sarayını skan etdik, sonrakı mərhələlərdə isə Qız Qalası və Bəylər məscidi də bura daxil edildi. Layihə hələ ki, 3 dildə istifadəyə verilib, gələcəkdə bu dillərin sayı da artırılacaq. Muzeysevərlər virtual şəkildə daxil olub muzeylərimizi gəzə bilərlər.

- Muzeylərə virtual giriş kifayət qədər olur? Bunun statistikası varmı?

- Əlbəttə, statistika var. Lakin mən düşünürəm ki, muzeylərə canlı ziyarət də mütləq olmalıdır. Mənə elə gəlir ki, bu proqramlar daha çox maarifləndirici xarakter daşıyır. Mən yenə də Şirvanşahlar sarayına qayıtmaq istəyirəm. Bilirsiniz ki, Şirvanşahlar dövləti VI-XVI əsrlərdə müasir Azərbaycan Respublikasının ərazisində mövcud olub və bütün İslam dünyasında ən uzunömürlü dövlət sayılır. Şirvanşahlar nəinki Azərbaycana, bütün Şərqə, eləcə də dünyaya böyük bir memarlıq məktəbi bəxş edib. Şirvanşahlar sarayı da Abşeron-Şirvan memarlıq məktəbinin incisi sayılır, hələ də dünyanın aparıcı universitetlərində öyrənilir. Bu layihə, muzeyin başdan-başa skan edilməsi memarlar və gələcək bərpa prosesləri üçün çox faydalı işdir. 10 il əvvəl bunu heç xəyal belə etməzdik, lakin görürsünüz, pandemiya dövründə həyata keçdi. Ona görə də virtual turlara mən ilk tanışlıq kimi baxıram. Mənə elə gəlir ki, həm virtual, həm də canlı ziyarət bir-birini istisna etməməlidir, əksinə ola bilər ki, kimsə dünyanın başqa bir ölkəsində oturub bizim muzeyi ziyarət eləsin, sabah mütləq onu canlı görmək istəyəcək.

Qadınların istifadə etdikləri hamam əşyaları

- Pandemiya başlayan dövrdə bütün mədəniyyət müəssisələri bağlansa da, sonrakı perioddakı yumşalmalar zamanı muzeylər açılması haqqında qərar verildi. Bu da sosial şəbəkələrdə müzakirə mövzusuna da çevrildi ki, məgər muzeylərin açılması bizə çoxmu vacib idi? Bir sıra ironik, yumor dolu statuslar yazıldı. Yəqin siz özünüz də bu cür statuslara rast gəldiniz. Həyatınız muzeyə bağlamış bir şəxs kimi bu, Sizə necə təsir elədi?

- Bilirsiniz, bu müzakirə bir tərəfdən muzeylərə marağı artırdı. Mən hətta nə qədər məşhur adamın, şou-biznes sahəsində fəaliyyət göstərən insanın statuslarında bu eyhamları gördüm. Hətta bir neçəsinə cavab verdim. Lakin mən buna çox müsbət baxdım, təbəssümlə qarşıladım və fikirləşdim ki, nə yaxşı ki, muzeylər bu insanların da gündəmlərində müzakirə olundu, yadlarına düşdü. Təcrübə də göstərdi ki, muzeylərin açılması vacib idi.

- Yumşalmalardan sonra muzeyləri ziyarət gözlədiyiniz sayda oldumu?

- İçərişəhər Muzey Mərkəzi bir neçə muzeyin birləşməsidir və əminliklə deyə bilərəm ki, bizim muzeylər hər zaman ən çox tələb olunan muzeylər siyahısındadır. Lakin biz ötən illərlə müqayisə etsək, görərik ki, indi ziyarətçi sayı qat-qat azdır. 2018 və 2019-cu illərdə biz yarım milyona yaxın ziyarətçi qəbul etmişdik. İnanın ki, Operativ Qərargah muzeylərin açılması ilə bağlı qərar verdiyi günün səhəri saat 10.00-a artıq kassanın qabağında növbə yaranmışdı. Və bu normaldır. Çünki insanlar muzeylər üçün darıxmışdı. Əlbəttə pandemiya muzeylərə də çox böyük zərbə vurdu. Çünki pandemiya dövründə turizm sahəsi ən çox zərər görən sahələrdən oldu. Təsəvvürünüzə gətirin ki, indi demək olar ki, xarici turistlər yoxdur.

Hamamın ümumi zalı

- Pandemiya dövründəki yeniliklərdən biri də bu vaxta kimi “Facebook”, “Twitter”, “Youtube” kimi ciddi platformalarda aktivlik göstərən muzeylərin pandemiya vaxtı ziyarətçi cəlb etmək üçün “Tik-Tok” və “İnstagram” kimi əyləncəyə köklənmiş platformalara da üz tutması oldu. Bir çox xarici muzeylər bunun üçün xüsusi layihələr ərsəyə gətirdi. Dünənə kimi ziyarətçilərin onlara sarı gəlməsini gözləyən muzeylər bu gün özləri insanlara, geniş kütlələrə can atdı, buna görə də “Tik-Tok”, “İnstagram” kimi platformalarda əyləncəli kontentlər hazırladılar. Bizdə bu cür layihələr həyata keçirən muzeylər oldumu?

- Bəli, biz elə məqama gəlib çatdıq ki, ziyarətçilərə dedik, “Siz evdə qalın, biz özümüz gələrik”. Məncə, bu, çox vacib və günün tələbi idi. Hətta deyim ki, bir çox muzey işçisi bu yeniliklərə hazır deyildi. Çünki muzey işçisi düşünür ki, ziyarətçi muzeyə gəlib eksponatı ziyarət etməlidir. Biz də yeniliklərə qoşulmaq məqsədi ilə ilk dəfə olaraq, iki-üç dəqiqəlik animasiya filmi çəkdik. “Youtube”da bu animasiyaların milyona yaxın izləməsi oldu. Məncə, maraqla qarşılandı. Bundan başqa, “65+”ların küçəyə çıxması qadağan olan dövrdə Bakı Fotoqrafiya Evi ilə birgə bir layihə həyata keçirdik: Valideynləriniz haqqında sosial şəbəkədə şəkil paylaşın və o şəklin tarixçəsini danışın. İnanın, bununla bağlı bizə xeyli müraciət gəldi və məncə, bu, yaşlılara psixoloji dəstək baxımından müsbət layihə oldu. Bundan başqa, ötən ilin sonunda İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi ilə birgə Qala Arxeoloji-Etnoqrafik Muzeyində qurama sənəti mərkəzini yaratdıq. Düşünürəm ki, bu da maraqlı layihə oldu. Layihə çərçivəsində Qala kəndindən olan 7 qadını işlə təmin etməklə yanaşı, qurama sənətini də dirçəltdik. Çünki bu da yaddan çıxmış sənət idi.

Hamamın şimal pəncərəsində istifadə olunan ağac qalığı

- İrəlidə hansı layihələriniz var?

- Şirvanşahlar sarayında xəzinə sərgisinə hazırlaşırıq. Burada bizim muzeyimizdə olan müxtəlif dövrlərə aid olan zinət əşyaları nümayiş olunacaq.

- Beynəlxalq sahədə də layihələr həyata keçiriləcəkmi?

- Artıq Gürcüstanın Milli Muzeyi ilə müqavilə imzalanıb. Yermakovun (Dmitri Yermakov - rus fotoqrafı. Əsasən, Qafqazda yaşayan xalqların gündəlik həyatları haqqında fotolar çəkib – M.A.) kolleksiyasından bir sərgi “Yermakov.Bakı” adı ilə Bakı Fotoqrafiya Evində nümayiş ediləcək. Bu da çox maraqlı layihədir. Çünki fotoqrafiya sənəti Azərbaycanda demək olar ki, dünyada təşəkkül tapdığı vaxtla eyni dövrdə formalaşıb. Yermakovun kolleksiyasından bura ilk dəfə olaraq 300-dən çox foto gətirilməsi planlaşdırılır, onların təxminən 20-si orijinal foto olacaq. Yəqin ki, ilin sonunadək bu sərgi təşkil olunar. Biz İstanbul Hərb Muzeyi ilə də əməkdaşlıq edirik. Uzun Həsənin orada saxlanılan zirehli geyimi Bakıya gətiriləcək. Həmin eksponat heç vaxt o muzeydən çıxmayıb. İlk dəfə olaraq Bakıda Uzun Həsən və onun oğlu Sultan Yaquba məxsus bir neçə unikal eksponat - zirehli geyim və dəbilqələr nümayiş olunacaq. İnanıram ki, ilin sonunadək bu layihə də gerçəkləşəcək.

Yəqin ilin sonuna, ya da gələn ilin əvvəlinə İçərişəhər ərazisində Bakı Xan Sarayı muzeyi də açılacaq. Qeyri-adi bir muzey olacaq. Mən indi bütün sirləri açmaq istəməzdim. Lakin bu muzeyə gələn hər bir insan özünü zaman səyyahı kimi hiss edə biləcək.

Yeraltı hamamı muzeyindəki ekspozisiya

- “Sehrli xalat” filmindəki kimi keçmişə gedəcəklər?

- Bəli, sanki o filmdəki kimi xanlıq dövrünə düşə biləcəklər. XV əsrdən XX əsrin əvvəlinə qədər sanki zaman maşınında səyahət etmiş olacaqlar. Çox maraqlı və innovativ bir muzey olacaq.

- Muzey Mərkəzinə daxil olan İçərişəhər, o cümlədən Şirvanşahlar sarayı və Qız Qalası abidələri UNESCO-nun Dünya İrsi siyahısına daxildir. Bu abidələrin xüsusən pandemiya dövründə mühafizəsi və qorunması ilə bağlı UNESCO-nun hər hansı bir tələbləri varmı və buna necə əməl olunur?

- Tam əminliklə deyə bilərik ki, Dünya İrs siyahısına daxil olan bu abidələr beynəlxalq standartlara uyğun olaraq muzeyifikasiya edilib və beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərir. Mən Beynəlxalq Muzey günündən istifadə edib bir məsələyə də toxunmaq istərdim. Bir muzey işçisi kimi, ən böyük arzumuz gerçəkləşdi, torpaqlarımız azad edildi. İşğaldan azad edilmiş ərazilərdə bizim Ağdam Çörək Muzeyi kimi çox maraqlı muzeylərimiz fəaliyyət göstərirdi. Onlar yenidən özümüzə qayıtdı. Əminəm ki, onlar yenidən bərpa olunacaq və hər bir muzey işçisi onların bərpasında yaxın iştirak edəcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...