Noyabrın 26-da Daşkəsən rayonunda Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsi keçirilib.
Maarifləndirmə layihəsinin həyata keçirilməsində məqsəd Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Qaratağlar, Astaf, Zağalı, Qabaqtəpə, Təzəkənd, Pirverdilər, Kollu, Yolqullar və Çıraqlı kəndlərində yaşayan, mina və digər partlayıcı sursatların təsirinə məruz qalan və ya qalması ehtimal olunan sakinlərinin mina problemi barədə məlumatlılıq səviyyəsinin artırılması, onları təhlükəsiz davranışa təşviq etməklə risklərin azaldılmasıdır.
Təlimatçı Musa Cəlalov proqram haqqında ətraflı məlumat verib, lazımi bilik və bacarıqları çatdırıb, sualları cavablandırıb. Təlimlərdə BAMF-ın regional koordinatorları Fariz Vəliyev və Vüqar Yusifli də iştirak ediblər. Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev layihənin əhəmiyyətini və aktuallığını qeyd edib və təşkilatçılara rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından təşəkkürünü bildirib.
Sonda təlim iştirakçılarına maarifləndirici materiallar paylanıb.