Xəbər verdiyimiz kimi, bu gün Şuşa şəhərinə ilk sərnişin avtobus marşrutu baş tutub.
Bakı Beynəlxalq Avtovağzalından Ednews-a verilən məlumata görə, işğaldan azad edilən Şuşa şəhərinə səfər ərəfəsində sərnişinlərin əhval-ruhiyyəsi çox yüksək olub.
Səfər zamanı sərnişinlər öncədən təyin olunmuş yerlərdə nahar ediblər. Səfər üçünm xüsusi ayrılmış bələdçi səfər ediləcək məkanlar barədə sərnişinlərə məlumat verib. Bildirilib ki, sərnişinlərə nəzərdə tutulmuş yerlərdən kənar ziyarətlərə icazə verilmir.
Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da yola düşən və 13:00 radələrində Şuşaya daxil olan İlk sərnişin marşrutunda 44 sərnişin olub. Onlar keçmiş avtovağzal ərazisində qarşılanıb.
Qarşılanma mərasimində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, şəhər ictimaiyyətinin nümayəndələri və Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları iştirak ediblər.
Qarşılanma mərasimindən sonra ilk sərnişinlər Şuşa qalası, Bülbülün ev-muzeyi, Cıdır düzü kimi tarixi məkanları ziyarət ediblər.
Qeyd edək ki, Şuşadan çıxan avtobus Bakıya 22:00-da çatacaq.
Xatırladaq ki, ilk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.
Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam-Bakı marşrutları da həyata keçirilir.