“Qazilərimiz bizim baş tacımızdır, lakin onlar da hər kəs kimi qanunlara əməl etməlidir. Biz 44 günlük Vətən müharibəsində tarixi zəfərə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı sayəsində nail olduq. Bu mənada şəhid ailələrinə, qazilərə diqqət və qayğı hər kəsin mənəvi borcudur".
Bu fikirləri Ednews-a açıqlaması zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu gün bir qrup qazinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin qarşısında keçirdikləri aksiya haqqında danışarkən səsləndirib. O, qeyd edib ki, dövlət də, cəmiyyət də qanunlarla idarə olunur və qanun hamı üçün birdir.
"Qanun heç kimə, hətta qaziyə də dövlət qurumuna bu cür daxil olmağa icazə vermir. Sevindiricidir ki, binanın mühafizəsini həyata keçirən polis əməkdaşı yüksək peşəkarlıq və vətənpərvərlik nümunəsi göstərərək qəzəbli qazini bağrına basdı, proseslərin daha da gərginləşməsinə yol vermədi. Bu baxımdan hər kəsin, o cümlədən qazilərimizin öz hüquqlarını təmin etmək istərkən yalnız və yalnız qanuni vasitələrdən istifadə etməsi mütləqdir. Ola bilsin ki, hansısa dövlət qurumunda hansısa məmur qazilərin müraciətinə laqeyd yanaşıb, yaxud onunla bağlı ədalətli qərar qəbul etməyib. Əgər belə bir hal varsa, o zaman qazilərimiz həmin məmurdan, onun yarıtmaz fəaliyyətindən əlaqədar instansiyalara şikayət ünvanlamalıdır. Belə olarsa, həmin məmur qanun çərçivəsində öz layiqli cəzasını alar. Hər il yüzlərlə məmurun işində yol verdiyi nöqsanlara görə cəzalanması məmurlarla bağlı şikayətlərə həssaslıqla yanaşıldığına nümunədir və qazilərimiz əmin ola bilər ki, onların da şikayəti hökmən diqqətlə araşdırlacaq".
Cəlil Xəlilov həmçinin qeyd edib ki, son dövrdə Veteran Təşkilatı tərəfindən 250-dən çox şikayət ərizələrinə baxılıb.
"Haqlı narazılığı olanlara Respublika Veteranlar Təşkilatı, Rəyasət heyəti adından Dövlət strukturlarına müraciət edilib və müraciətlərimiz öz həllini tapıb. Bəzi strukturlar qazilərin müraciətində süründürməçiliklərə yol verir, şikayətlərə ətraflı şəkildə baxmır və etirazlar burdan qaynaqlanır".
Sonda polkovnik narazılığı olan qazinin kollektiv şəkildə deyil, fərdi olaraq dövlət strukturlarına müraciət edib məsələnin həllinə nail ola biləcəyini də qeyd edib.
"Ümid edirəm ki, bundan sonra həm qazilərimiz, həm də məmurlarımız bu məsələdə xüsusi həssaslıq sərgiləyəcək və biz bir daha bugünkü kimi arzuedilməz hadisəyə şahid olmayacağıq”.
Qeyd edək ki, bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib, şüşəni sındıraraq içəriyə daxil olublar. Qazilərin dövlət qurumunun binasına bu cür daxil olması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Ülviyyə Fərhad