“D-8 (“İslam səkkizliyi” - red.) təşkilatının daha da möhkəmləndirilməsi üçün nələr edəcəyimizi müzakirə edirik. Hazırda təşkilata Banqladeş sədrlik edir. Qarşımıza hədəflər qoymuşuq, 2030-cu il hədəflərimiz var. Bu hədəflərə yenidən nəzər salmağımız lazımdır”.
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TV 100-ə müsahibəsində deyib.
“Bu təşkilatı genişlətmək lazımdır. Azərbaycan quruma üzv olmaq üçün müraciət edib. Məsələn, təşkilatı D-20 edə bilərikmi? D-8-ə rəhbərliyimiz dövründə bunun üzərində işləmişdik. Üzvlük üçün meyarların konkretləşməsi lazımdır”, - XİN başçısı bildirib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və ya qısaca D-8 səkkiz müsəlman ölkəsini birləşdirir. D-8 Türkiyənin o dövrdəki Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qurulub.