Doğum evində körpə ölümü ilə bağlı məsələ TƏBİB-in müvafiq komissiyasının nəzarətindədir.
Qurumdan Ednews-a bildirilib ki, məsələ TƏBİB-in tabeliyində "Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyası”nın nəzarətindədir.
“Komissiyanın üzvləri tərəfindən “Xəstəlik tarixləri”nin təhlili aparılır. Eyni zamanda, uşağın meyiti yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilib. Aidiyyəti rayon prokurorluğu tərəfindən də müvafiq araşdırmalar aparılır”, - qeyd olunub.
Qeyd edək ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı Doğum Evi) ginekoloqu Nailə Şahbazovanın xəstəsi olan 1990-cı il təvəllüdlü Züleyxa Əkbərova iyunun 30-da 3 kilo 300 qram çəkidə oğlan uşağı dünyaya gətirib.
Ailənin iddiasına görə Nailə Şahbazovanın səriştəsizliyi səbəbindən körpə doğuş zamanı başından zədə və ağır travmalar alıb.