Son zamanlar banklara kiber hücumla bağlı məlumatlar, şikayətlər paylaşılır. İnsanlar sosial şəbəkə üzərindən hakerlərin hücuma məruz qalaraq maddi ziyana uğrayırlar. Belə ki, bank dələduzları onları aldadaraq kart məlumatlarını əldə edərirlər. Bu da sonda vətəndaşın pullarının hakerlər tətəfindən mənimsənilməsinə gətirib çıxarır.
Belə kiber hücumların qarşısı necə alınmalıdır? Hazırda ən acınacaqlı durum isə məhz insanların bu cür hücumların qarşısında aciz və məlumatsız olmalarıdır.
İT mütəxəssis Vahid Qasımov Ednews-a açıqlaması zamanı bildirib ki, bu vəziyyətdə birinci növbədə vətəndaşların bilgisizliyidir.
“Vətəndaşlar tanımadıqları nömrələrə məlumat verir,onlara kart nömrəsi göndərirlər, ya da sosial şəbəkələrdə bank kartının fotosunu paylaşırlar. Bu şəkildə əslində onlar kartlarını deyil, onun məlumatlarını paylaşırlar. Birinci növbədə diqqətli olub heç kəslə şəxsi məlumatlar paylaşmamalıdırlar”.
Mütəxəssis həmçinin vurğulayıb ki, kartın üzərində olan bəzi şifrələrin açıqlanması qadağandır.
Bu hansı şifrələrdir?
“Kartlarda hesab nömrəsi və onun son bitmə tarixi var. Diqqətinizə çatdırım ki, kartın müddət tarixi məxfi informasiyadır və bu açıqlanmamalıdır. Əgər pul köçürmə edirsinizsə, kartın hansı banka aid olduğunu və 16 rəqəmli şifrəni qeyd etmək kifayətdir. Qəti şəkildə kartınızın bütöv formada olan şəklini kiməsə yollamayın. Çünki Hakerlərin hiylələri sonsuzdur. Sizin məlumatları tez şəkildə əldə edə bilərlər”.
Müasir dövrdə kiber hücumlardan qorunmağın mümkün olmadığını deyən bank mütəxəssisi Əkrəm Həsənovsa qeyd edib ki, bunun əsas səbəbi yenilənən texnologiyadır. Mütəxəssis nitqində hakerlərin gizli hiylələrindən də söz açıb.
“Çünki informasiya texnologiyası təkmilləşir və hakerlər də fəaliyyətlərini inkişaf etdirir. Zənnimcə, vətəndaşlar bəzi nüanslara fikir versələr belə hal yaşanmaz. Onlar kartlarının şəkillərini, üzərində olan yazılarının üçüncü şəxs tərəfindən görməyə imkan verməməlidirlər. Sonrakı bəla isə “İnternet banking”-dir. İnsanlar yalnız tanınan saytlardan alış-veriş etməlidirlər. Əks halda kart məlumatlarını kiməsə ötürmüş olur. Başqa cür isə vətəndaş bankın sms tarifinə qoşulmalıdır. Bu əməliyyat aparılarkən həmin şəxsə mesaj gəlsin. Çox təəssüf ki, Azərbaycan bankları bəzən məsuliyyətsizlik edirlər”.
Bəs yaxşı, banklara güvənməyib, pulumuzu hansı formada saxlamalıyıq? Əgər kiber hücum qaçılmazdırsa, o zaman hansı alternativ yolu seçməliyik? Əkrəm Həsənov digər seçim haqqlarından danışıb.
“Hazırda bankdan kənar alternativ yol yoxdur. Məsləhətim odur ki, kartda 1000 manatdan çox pul saxlanılmasın. Əgər külli miqdarda pul varsa, məsləhət görərdim ki, bir yox, bir neçə bank hesabı açsınlar. Belə olan halda pulu yarı-yarı hesablarda yerləşdirsinlər. Bu daha güvənlidir”.
Ləman Abbaslı