"Hazırda mənə gələn şikayətlərə görə deyə bilərəm ki, WhatsApp-da yeni növ dələduzluq metodu sürətlə yayılır"
Ednews xəbər verir ki, bu sözləri texno-bloqqer Fərid Pərdəşünas Facebook səhifəsində yazıb. O, insanlara yeni kiber hücum barədə xəbərdarlıq edib.
"Gəldiyim nəticələrə görə vəziyyət belədir. Dələduzluğun adı: "dostunun anasının vəziyyəti yaxşı deyil". Bu kiber dələduzluq növündə qurbanlara başqa nömrələrdən lakin ən yaxın dostunun şəkli olan WhatsApp hesablarından yazılır. Dost çox professional şəkildə Azərbaycan dilində hal-əhval etdikdən sonra, anasının vəziyyətinin ağır olduğunu, təcili xəstəxanaya gətirdiklərini deyir. Evdən tələsik çıxan qəhraman nağd pul götürməyi unudur və axşam qaytarmaq şərtilə borc pul istəyir. Bura qədər hər şey normaldır. Kim buna aldanar deyirsiniz. Çünki profil şəklindəki dostunuz olsa da nömrə başqadır. Lakin dələduz dostunuz adından sizə elə dostunuzun adı yazılı olan kartının şəklini göndərəndə artıq sizdə 100%-lik inam yaranır və pulu verirsiniz".
F.Pərdəşünas dələduzların bunu necə etdikləri barədə də açıqlama verib
"Bəs bu necə baş verir? Bu zəncirvari kiber dələduzluqdur. Dələduz ilk öncə sizin dostunuzun bank tətbiqini ələ keçirir. Eyni zamanda dostunuzu artıq aldadaraq ondan kart şəklini alır. Mobil bank tətbiqlərində olan nömrəyə köçürmə kimi imkanlardan hansı kontaktlara pul köçürdüyünüzü, kimlərə kontur vurduğunuzu öyrənərək, ən yaxın adamlarınıza yazaraq, onlardan borc pul alır. Artıq Azərbaycanda qurbanlar var".
O, bu kimi hallardan qorunmaq üçün öz tövsiyələrini də paylaşımında qeyd edib:
"-Qohum və dostunuzun fotosu olan lakin başqa nömrədən gələn mesajlara cavab verməyin.
- bank kartınızın fotolarını 3-cü şəxslərə göndərməyin.
- telefona gələn 3DS təsdiqləmə kodlarını heç kimə verməyin".
Nəzrin Beydiyeva