Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlıq etdiyi “Sülhün Kökləri” təşkilatının qurucusu Heidi Kühnünun atası Robert Skot Tomas vəfat edib.
Ednews xəbər verir ki, bununla bağlı Beynəlxal Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev xanım Kühnə başsağlığı verib. O, ürək sözlərində xanım Kühnə acısı ilə şərik olduğunu, bu kədərli günündə yanında olduğunu da qeyd edib.
“Hörmətli, Heidi Kühn, atanızın ölümündən dərin kədər hiss keçirir, acınızı sizinlə paylaşıram. Bu ağır gününüzdə yanınızda olmasam da, ürəyim sizinlədir. Allah rəhmət etsin!”
Beynəlxalq Avrasiya Mətbuat Fondu kollektivi də xanım Kühnə dərin hüznlə başsağlığı verir və onun acısını bölüşür.
Mərhum oktyabrın 23-də axşam saatlarında müalicə aldığı xəstəxanada 93 yaşında COVİD-19-dan vəfat edib.
Qeyd edək ki, Robert Skot Tomas 1929-cu ilin, avqustun 4-ü Kaliforniyada anadan olub. O, Amerikanın ən böyük Marin County nəslindəndir. R.Skot sənət sahəsində aktyor kimi fəaliyyət göstərib.
Xatırladaq ki, “Sülhün Kökləri” təşkilatı 25 illik fəaliyyəti ərzində indiyədək 8 ölkədə vaxtilə müharibə gedən ərazilərdə 100 mindən çox minanın çıxarılmasına nail olub, eyni zamanda həmin ərazilərdə kənd təsərrüfatının inkişafına dəstək verib. Onun minalarla çirklənmiş əraziləri üzüm bağlarına çevirən “Minalardan Üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü dünyada böyük hərəkata çevrilib. Bu təşəbbüs, Əfqanıstandan kənd təsərrüfatı məhsulları ixracının 2014-cü ildə əldə edilən 250 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlməsinə böyük töhvə verib.