“Gün ərzində ağacların götürülməsi ilə bağlı 60-80 müraciət daxil olur”.
Bunu Ednews-a açıqlamasında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, bu müraciətlərin çoxuna mənfi rəy verilir ki, bunun da bir sıra səbəbləri var:
"Ya sənədləşmə düz olmur, ya ağacların götürülməsinin əsaslandırılması göstərilmir, yaxud da vətəndaşların maraqlarına xidmət etsə də, mülkiyyət baxımından ona məxsus olmur.
Bəzən vətəndaş müraciət edir ki, ağaclar tük buraxır və allergiyam var. Yaxud da tut ağacıdır, onun meyvəsi həyəti çirkləndirir. Təklif edirlər ki, bu ağacları çıxarıb yerində şam ağacı əkək. Yəni müxtəlif belə səbəblər göstərilir. Biz belə müraciətlərə müsbət cavab verə bilmərik".
Mirsalam Qənbərovun sözlərinə görə, ağacların götürülməsi ilə bağlı müraciətlər daha çox Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdən daxil olur.