BAMF və Bakı Britaniya Məktəbinin əməkdaşlığı çərçivəsində bayram münasibətilə şəhid ailələri ziyarət edilib.
Ednews xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2023-cü il Yeni il münasibətilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbərliyi Tərtər rayonunda şəhid ailələrinə baş çəkib. Tərtərdə məskunlaşan 60-dan çox ailənin ziyarəti zamanı Bakı Britaniya Məktəbinin şagirdlərinin hazırladıqları hədiyyələr və BAMF-ın ərzaq sovqatı paylanılıb.
Kampaniyada BAMF prezidenti Umud Mirzəyev, Tərtər Rayon icra hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvi Nəcəfov və BAMF-ın əməkdaşları iştirak ediblər.
BAMF prezidenti Umud Mirzəyev bu kampaniyanın bayrama uyğun olaraq bir həmrəylik nümunəsi olduğunu qeyd edib. U.Mirzəyev həmçinin, Bakı Britaniya Məktəbinə bu təşəbbüsə görə təşəkkürünü bildirib və bunun ilk belə əməkdaşlıq olmadığını da xüsusi vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu regionda məskunlaşan qaçqın və məcburi köçkünləri, müharibədən əziyyətçəkənləri və xüsusilə də şəhid və qazi ailələrini daim diqqətdə saxlayır və öz dəstəyini nümayiş etdirir.