Azərbaycan ordu quruculuğundakı uğurlarını bundan sonra daha da inkişaf etdirəcək.
Ednews xəbər verir ki, bunu AZƏRTAC-a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.
Qeyd edib ki, dövlətimizin başçısının çıxışı Azərbaycanın ordu quruculuğundakı mövcud uğurlarla kifayətlənmək fikrində olmadığını göstərdi: “Prezident İlham Əliyevin dünənki müsahibəsi sübut etdi ki, bu nailiyyətlər yetərincə böyük və inkaredilməzdir. 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Zəfər bunun isbatıdır. Ancaq bütün uğurlara, nailiyyətlərə baxmayaraq, Müzəffər Ali Baş Komandanımız ordumuzu daha da inkişaf etdirməkdə qərarlıdır və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Prezidentin yerli telekanallara müsahibəsi bu inkişafın anonsudur.
Diqqət etsək, görərik ki, bu inkişaf bütün Silahlı Qüvvələri əhatə edir. Prezident açıq şəkildə bəyan etdi ki, Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb. Həmçinin Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri yaradılıb. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının, eləcə də dəniz piyadalarının sayı çoxaldılıb. Bütün bunlar Silahlı Qüvvələrimizdəki inkişafın sürətlə davam etdiyini nümayiş etdirir”.
Polkovnik xüsusi təyinatlıların və komanda qüvvələrinin sayının artırıldığına da diqqət çəkib: “Ordudakı islahatlar fonunda mühüm məqamlardan biri də komando qüvvələrinin formalaşması və onların sayının artırılması prosesinin davam etdirilməsidir. Xüsusi Təyinatlı Qüvvələrin də sayı iki dəfə artırılıb. Bunlar olduqca mühüm nəticələrdir. Vətən müharibəsində xüsusi təyinatlılar böyük qəhrəmanlıqlara imza ataraq düşmənin darmadağın edilməsinə ciddi töhfələr veriblər. Bu gün Xüsusi Təyinatlı Qüvvələrin sayının iki dəfə artırılması faktı bu qüvvələrə olan etimaddan xəbər verir.
Dövlətimizin başçısı çıxışında qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin inkişafı elə səviyyəyə yüksələcək ki, onunla hesablaşmamaq özünəqəsd sayılacaq. Ali Baş Komandanın bu sözlərindən başda Ermənistan olmaqla, bütün anti-Azərbaycan qüvvələri nəticə çıxarmalı, ölkəmizə qarşı təxribatlardan əl çəkməlidirlər. Əks təqdirdə, onların hamısının aqibəti Ermənistanın Vətən müharibəsindəki aqibəti ilə eyni olacaq”.