“Bəzi ibadət yerlərində toplanılan ianələr İrana göndərilirdi” - İlahiyyatçıdan SƏRT AÇIQLAMA - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

“Bəzi ibadət yerlərində toplanılan ianələr İrana göndərilirdi” - İlahiyyatçıdan SƏRT AÇIQLAMA

Cəmiyyət A- A A+
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki ibadət yerlərində ianələrin toplanması və xərclənməsinə nəzarət üzrə yeni qaydaların müəyyən ediləcəyini açıqlayıb. Bildirilib ki, yeni qaydalar toplanılan pul vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etmək və dini qurumların işində şəffaflığı təmin etmək məqsədi daşıyır. 
 
Məsələ ilə əlaqədar Ednews-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, bu günə qədər ibadət yerlərində ianələrin toplanması və xərclənməsi prosesinə normal nəzarət olunmurdu:
 
“Ölkədəki əksər ibadət yerləri Qafqaz Müsəlmanları İdarəsinin tabeliyində idi. İcra hakimiyyətləri və yerli bələdiyyələr ianələri müxtəlif bəhanələrlə mənimsəyirdilər. Guya, hansısa məsciddə təmir işlərinə ayırırdılar və s. Çox vaxt da bu pullar xüms, zəkat adı ilə İrana göndərilirdi. İndi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu prosesi tənzimləyir. Dini icmalar nəzir və ianələrin toplanması və xərclənməsi barədə müvafiq icra hakimiyyəti orqanına hesabat verməlidirlər, lazım gələrsə, qanuni şəkildə vergi ödəməlidirlər”. 
 
O, qeyd edib ki, uzun illər pərakəndə şəkildə gedən prosesi indi nizama salmaq üçün müəyyən vaxt lazımdır:
 
“Bilirsiniz ki, ölkədə kifayət qədər məscidlər, pirlər və s. ibadət yerləri var. Hələ də bunların bir qismi Qafqaz Müsəlmanları İdarəsinə tabedir, tam olaraq Komitənin nəzarətində deyil. Bu qurumlarda hələ də QMİ-nin təyin etdiyi din xadimləri fəaliyyət göstərir. Onların da arasında İrana bağlı şəxslər var. Bu ianələr onların nəzarəti altında müəyyən məqsədlərçün xərclənir. Hesab edirəm ki, Komitə bu məsələni tədricən sakit şəkildə həll etməlidir. Çox güman ki, Komitə ianələrin toplanması ilə bağlı qurumlardan sistemli şəkildə hesabatlar alacaq və vəsaitlərin hansı məqsədlərlə xərcləndiyi məlum olacaq”.    
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda Komitə tərəfindən qeyd edilən məsələlərə nəzarət həyata keçirilmir:
 
“Müvafiq qanunvericilikdən irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, ötən il Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edib. Yeni qaydalara əsasən, artıq ölkədə dini qurumlara plastik kart və elektron ödəmə sistemləri vasitəsilə ianələr etmək mümkündür.
 
 
Törə Zeynallı


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...