Bakıda artan avtomobil “seli” tıxac problemini də özü ilə gündəmdə saxlayır. Maşın sayı o qədər artıb ki, şəhərdə park edilən avtomobillər hər yolun bir zolağını, binaların həyətlərini, səkiləri və mümkün olan bütün yerləri tutub. Yeni parklama yerlərinin yaradılması prosesi avtomobillərin sayı ilə düz mütənasib deyil, avtomobil çox, saxlama yeri isə demək olar ki, məhdud saydadır. Bu cür problemlər günü-gündən artmaqdadır. Eyni zamanda vətəndaşlar tərəfindən avtomobillərin park olunması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı müraciətlər daxil olur.
Bəs, bu qanun pozuntusunun qarşısını almaq üçün hansı tədbirlər görülür? Vəziyyətin vətəndaşlara problem yaratmaması üçün hansı tənzimləmə işləri aparıla bilər?
Məsələ ilə bağlı Ednews-a danışan Bakı şəhər DYP-nin baş inspektoru Araz Əsgərli bildirdi ki, sürücülər daha diqqətli olmalı və ödənişsiz park yerlərində pul tələb edən şəxslərə inanmamalıdır.
“Bu məsələ daim diqqətdədir və bununla bağlı mütəmadi qaydada nəzarət profilaktiki tədbirlər keçirilir. Ümumiyyətlə, bu halda İnzibati Xətalar Məcəlləsin in 454-cü maddəsinə əsasən, qanununsuz xidmətlər təşkil edən şəxslər ərazi aidiyyatı üzrə inzibati məsuliyyətə cəlb olunur və cəriməsi 80 manatdır. Bütün sürücülər yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etməlidir. Hər hansısa şəxsin qanunsuz hərəkətlərinə əhəmiyyət verməməlidirlər. Belə hallarda isə mütləq polisə məlumat verilməlidir. Bir çox ödənişsiz park yerləri var, hansı ki ödəniş tələb edilməsi qanuna uyğun deyil. Əgər qanunsuz olaraq kimsə ödəniş tələb edərsə, sürücü Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edib məsələni bildirə və ya ərazi üzrə polis əməkdaşlarına məlumat versin”.
Məsələ ilə bağlı Ednews-a danışan nəqliyyat eksperti Aslan Əsədov qeyd edib ki, qanunsuz yolla insanlardan park etməyə görə alınan pul aylıq 80-90 manata yaxın edir.
“Bu da büdcəyə çox ciddi zərər vurur. Həm büdcəyə ziyandır, həm də insanların əsəbi pozulur. Bu mövzuya diqqət ayrılmır. Nəzarət var, amma ciddi deyil. Təəssüf ki, hazırda demək olar şəhərin çox yerində qanunsuz parkinq nəzarətçisinə rast gələ bilirik. Hətta bəzən elə olur ki, “nəzarətçi” verilən puldan narazı olur. Bu isə konfliktə və zaman itkisinə səbəb olur. Parkinqlə bağlı yol hərəkəti haqqında qanunda açıq qeyd olunur. Orada qeyd olunur ki, əraziyə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir. İşə və mexanizmə nəzarət isə Dövlət Yol Polisi tərəfindən nəzarət olunur. Birbaşa cəriməni Dövlət Yol Polisi yazır. Qanunsuz parkinq əsasən, yaşayış yerləri, böyük ticarət mərkəzlərində rast gəlinir və qarşısı alınmağa çalışılır.
Rübabə Kazımlı