Mart ayı üçün kosmik hava proqnozunu açıqlanıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ednews-a verilən məlumata görə, hazırda Günəşdə baş verən alışmaların aktivlik indeksi sarı zonaya düşür (cəmi beş olmaqla yaşıl, sarı, narıncı, qırmızı və bənövşəyi indeks mövcuddur), geomaqnit sahə sakit və stabildir.
"5-7 martda geomaqnit sahənin aktiv hala keçəcəyi, geomaqnit şəraiti göstərən Kp əmsalının 10 ballıq şkala ilə 4-5, 15 mart tarixi üçün isə 4 olacağı proqnozlaşdırılır.
Martın 25-dək geomaqnit şəraitin sakit olacağı, 25-28 mart tarixləri üçün geomaqnit şəraitin yenidən fəallaşacağı gözlənilir. Bunun nəticəsində Kp əmsalının 4-7 intervalına, geomaqnit qasırğasının isə G2 (orta) və G3 (orta, nisbətən daha güclü) səviyyəsinə çatacağı proqnozlaşdırılır.
Hazırda Günəşdə alışmaların baş vermə ehtimalı C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 50%, X sinif alışmalar üçün isə 15% -dir. 2-4 mart tarixlərində Kp əmsalı 1-3 intervalında dəyişəcək", - məlumatda bildirilib.