Bakıda fəaliyyət göstərən təhsil müəssisələri paytaxtda olan sıxlığı artırmaqdadır. Hər gün səhər işə tələsən insanlarla yanaşı müxtəlif təhsil müəssisələrinə üz tutan tələbələrin eyni anda hərəkəti tıxaca səbəb olur.
Baxmayaraq ki, “Ali təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı Dövlət Proqramı”-ı haqqında qanunun hazırlansa da problem hələ də öz həll yolunu tapmayıb. Ali təhsil müəssisələrinin bölgələrə köçülürməsi şəhərdəki tıxac problemi aradan qaldıra bilərmi?
Məsələ ilə bağlı Ednews-danışan deputat Fazil Mustafa bildirib ki, bu məsələdə ciddi problemlərin olduğu göz qabağındadır.
“Paytaxtda mövcud olan tıxaca səbəb olanlardan biri də elə məhz, ali təhsil müəssisələrinin yaratdığı sıxlıqdır. Təhsilə strateji məsələ kimi baxılmadığına görə bu problemlər də öz həllini tapmır. Təhsil səviyyəsinin artrılması məsələsinə lazımi olan addımlar atılmadı. Ona görə infrakstruktur qura bilmirik”.
O, həmçinin bildirib ki, bu gün univesitetlərin bölgələrə köçürmə məsələsi böyük vəsait tələb edir.
“Müəyyən çətinliklərlə üzləşəcəyimiz labüddür. Bu baxımdan problemlərin hələ də davam edəcəyi görünür. Yeganə yol Bakının yükünü azaltmaqdadır”.
Deputat həmçinin bölgələrdə həyat şəraitindən də söz açıb.
“Bölgələrdə insanların həyat tərzini yaxşılaşdırmaq üçün iş yerləri açılmalıdır. Orada da iş olmadığı üçün insanlar bölgələrə üz tutmurlar. Nəticədə Bakı yüklənir, gecəqonduna çevrilir. İndiki şərtlərdə bu mövzunun həll olunmasına inamım artıq itib. Müzakirələr olmadığına görə bu problemlərin mediadan o tərəfə aşacağına da inanmıram”.
Ayan Rzayeva