Xəbər verdiyimiz kimi, Bakıda və paytaxtın ətrafındakı əsas yollarda sürət həddinin endirilməsi ilə bağlı verilən qərar qərar geniş müzakirələrə səbəb olub. Belə ki, bəzi sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.Maraqlıdır ki, verilən yeni qərarın nəticə necə olacaq? Bu tıxacların çoxalmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı Ednews-a danışan Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, bu qərar tıxaclara səbəb olmayacaq.
“Yeni qərar tıxaclara səbəb olmayacaq. Tam əksinə, bu, baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldacaq”.
Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə bu qərarın heç bir zərərli tərəfi yoxdur.
“Dünya təcrübəsinə nəzər salsaq görərik ki, heç bir ölkədə bu qanunlar problem yaratmayıb. Avropada enerji ilə bağlı müəyyən problemlər var. Bu problemləri nəzərə alaraq avtomagistrallarda belə artıq sürəti aşağı alırlar. Sürət nə qədər yüksək olarsa bir o qədər də çox yanacaq sərf olunur”
Ekspert bildirir ki, bunun Avropa təcrübəsi ilə əlaqələndirir.
“Məsələn, Almaniyada bunu hesablamışdılar. Milyonlarla ton yanacağın israf olunmaması üçün və eyni zamanda zəhərli qazın qarşısını, ətraf mühitə zərərinin qarşısını almaq üçün bəzi yerlərdə sürət həddini azaltdılar. Bu Azərbaycan üçün də doğru verilmiş qərardır. Sadəcə alqışlamaq lazımdır. Hərəkətin təşkili ilə bağlı mexanizmi düzgün şəkildə qura bilsələr heç bir problem yaratmayacaq. Mən bu məsələni Heydər Əliyev prospektində test etdim. Həqiqətən də şahidi oldum ki, yanacaq sərfiyyatı kifayət qədər aşağı düşdü. Ən əsası da təhlükəsiz şəkildə istədiyin yerə çata bilirsən”.
Ekspert qeyd edib ki, bu qərarla razılaşmayanlar anlamalıdırlar ki, yüksək sürət həddi bizə 3-5 dəqiqə vaxt qazandırsa da bizi həyatdan əbədi ayıra bilər.
“Şəxsən düşünürəm ki, bizə bu yox, cibimizə qənaət, təhlükəsiz həyat və təmiz ətraf mühit qazandırır”.
Ayan Rzayeva