TƏBİB-in nizamnamə fondunun məbləği 100 000 (bir yüz min) manatdır.
Ednews xəbər verir ki, bu barədə TƏBİB-in nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsaslarında qeyd edilib.
Bildirilib ki, TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari tibbi sığorta fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
TƏBİB öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
TƏBİB balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
TƏBİB qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra TƏBİB-in, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların (tibb müəssisələri istisna olmaqla) fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
TƏBİB-in mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
TƏBİB-in işlərinin və xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.