Dünya artıq ötən həftədən COVİD pandemiyasına rəsmən son verib. Hələ aylar öncədən, bəzi ölkələr 2022-ci ildən quru sərhədlərini tam açmışdı. Azərbaycanda isə vəziyyət fərqlidir. Ölkəmizdə xüsusi karantin rejimi və bunun tələbi olaraq da quru sərhədlər bağlı qalmaqdadır. Pandemiya rəsmən bitdiyi halda sərhədlərin bağlı qalması insanlarda haqlı olaraq suallar yaradır ki, burada məqsəd nədir?
Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı Ednews-a qeyd etdi ki, quru sərhədlərin bağlı qalması yalnız COVİD-lə bağlı məsələ deyil:
“Bilirik ki, Rusiya-Ukrayna arasında müharibə gedir. İranla Azərbaycan arasındakı münasibətləri də hər kəs bilir. Ermənistanın Azərbaycana düşmən münasibəti bəllidir. Bu gün ölkəmizdə stabilliyi pozmaq istəyən, təxribat törətmək istəyən, ölkəmizə soxulmaq istəyən qüvvələr var. Quru sərhədlərin bir ölkə ilə açılıb, digər ölkələrlə bağlı qalması da məqbul sayılmır. Bu, artıq açıq-açığına görünən bir mənzərə olur. Ona görə də dövlət həm vətəndaşlarını, həm də ölkənin təhlükəsizliyini nəzərə almalıdır. Quru sərhədlərin bağlı qalmasında bu məqamlar da rol oynayır. Təbii ki, həm də ölkəmizdə yeni infeksiyaların, eləcə də COVİD-in yayılmasının qarşısını almaq məqsədi güdür. Artıq Ümumdünya Səhiyyə Təşkilatı COVİD-i pandemiya siyahısından çıxardığına görə məntiqi olaraq Azərbaycan da bununla bağlı lazım olan addımları atmalıdır. Bunu tez də ata bilər, gec də. Amma mən belə düşünürəm ki, artıq ÜST-nin verdiyi qərar və iyulun 1-dən sonra pandemiya şəraitinin uzadılması yəqin ki, olmayacaq. Artıq belə görünür ki, məntiqlə də düz gəlmir”.
Oğuz