Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfərləri davam edir.
Ednews xəbər verir ki, səfər çərçivəsində çəkiliş qrupu sənədli film çəkmək üçün Şəki rayonuna səfər ediblər. Qonaqlar Şəkinin tarixi abidələri, Xan Sarayı kimi qədim məkanları ziyarət ediblər.
BAMF prezidenti Umud Mirzəyev qonaqları müşayət edib. Onun sözlərinə görə, 2 gündür “Əl-Cəzirə Sənədli filmlər” departamentinin rəhbərliyi ilə ölkəmizi gəzirlər:
“Zatən, Beynəlxalq Avrasiya Mətbuat Fondu 30 ildi bu işlə məşğuldur. Keçən 2 gündə biz çox böyük zövq aldıq. Ölkəmizi xarici vətəndaşlara tanıtdıqca onlar Azərbaycana candan-könüldən bağlanır, vurulurlar. Azərbaycanın təbiəti, insanları, mətbəxi, abidələri dünyada tayı bərabəri olmayan məqamlardır. Hesab edirəm ki, ölkəmizin qədrini bilməliyik. Ona görə də Azərbaycana bərk-bərk yapışaq, vətənimizi bağrımıza sıxaq, qucaqlayaq. Ağaclarını, torpağını, çiçəyini, daşını, Qarabağımızı bir az daha özümüzə sıxaq”.
Qeyd edək ki, “Əl Cəzirə” rəsmilərinin səfər proqramı, Azərbaycanda keçirəcəkləri rəsmi görüşlər, region səfərləri və müxtəlif istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Bu tərəfdaşlıqlar çərçivəsində ilkin olaraq Azərbaycanın mina problemi və minadan zərərçəkənlərlə bağlı hekayələrin və Azərbaycan haqqında təqdimat çarxlarının hazırlanması nəzərdə tutulub. Səfər iyunun 11-dək davam edəcək.
Xatırladaq ki, bu əməkdaşlıq BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında bağlanan anlaşma memorandumuna əsaslanır.
Oğuz