Azərbaycanın müxtəlif şəhər və rayonlarında Şəhidlər Xiyabanı var. Bu çox gözəl addımdır. Xalqımızın ənənəsindən formalaşan bir məsələdir. Lakin qazilərimiz vəfat edəndə müxtəlif yerlərdə dəfn edilirlər”.
Bu fikirləri Ednews-a açıqlamasında I Qarabağ qazisi Rey Kərimoğlu deyib. O, təklif edib ki, vəfat edən qazilər üçün xüsusi yerlər ayrılsın.
“Biz Qarabağ Qaziləri Birliyi olaraq ölkə rəhbərliyinə, müvafiq qurumlardan xahiş edirik ki, “ Qazilər Xiyabanı” yaradılsın. Qazilər də Şəhidlərin sağ qalan qardaşlarıdır. Vəfat edən qaziləri dəfn etmək bizim üçün müəyyən çətinliklər yaradır. Ona görə də Qarabağ Qazilər İctimai Birliyi təklif edirik ki, Bakıda , Sumqayıtda, Gəncədə, Mingəçevirdə və digər şəhərlərdə “ Qazilər Xiyaban” ları yaradılsın”.
R. Kərimoğlu həmçinin vurğulayıb ki, vəfat edən bütün qazilərin bir yerdə dəfn edilməsi daha yaxşı olar. Onun sözlərinə görə, belə qaziləri ziyarət etmək, yad etmək daha asan olar.
“Bakıda vəfat edən döyüş yoldaşlarımızı müxtəlif yerlərdə- Sabunçu, Bibiheybət, Binəqədi qəbiristanlığında dəfn etmişik. Bu bizim onları ziyarət etməyimizə çox çətinlik yaradır.
Bakıda böyük bir xiyaban salınsın, insanlar gəlib onların məzarlarını da ziyarət etsinlər. Qanunvericilikdə hərbiçilərin, qazilərin dəfni dövlət tərəfindən aparılmalıdır. Amma təəssüf ki, bunu etmirlər”.
Biz Dövlət Başçısından, müvafiq qurumlardan bu məsələni diqqətdə saxlamasını xahiş edirik. Bu məsələdə çox narahatlıq və parakəndəlik var. Onların vəfat etdiyi günlərində müxtəlif yerlərə gedirik. Həm də bu ölkədə vətənpərvərlik hissinin təbliğ olunması baxımından yaxşı bir ənənə ola bilər”.
Aynurə İsmayıl