“Sosial xidmət infrastrukturunun genişləndirilməsi istiqamətində aparılan işlərə uyğun olaraq növbəti mərhələdə Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur".
Ednews xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib.
O, qeyd edib ki, bununla yanaşı Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün 4 yeni sosial xidmət mərkəzi də yaradılacaq:
"Bu mərkəzlərin Bakının Yasamal rayonunda, həmçinin Hacıqabul, Göyçay və Ağdamda yaradılması nəzərdə tutulur.
Yaxın vaxtlarda istifadəyə veriləcək bu yeni ixtisaslaşmış sosial xidmət mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Bu mərkəzlərdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən əlilliyi olan şəxslərin reabilitasiya ehtiyaclarının qiymətləndirilməsi aparılacaq".