2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandıqdan sonra bu günədək işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyəti zamanı 129 831 hektar ərazi minalardan təmizlənib.
Ednews xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi - mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
O bildirib ki, bu dövr ərzində 65 585 ədəd partlamamış hərbi sursat, 31 919 ədəd piyada əleyhinə mina və 19 070 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib: "Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır. 10 noyabr 2020-ci ildən indiyədək isə 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. 350 nəfər mina qurbanından 247 nəfəri məhz keçmiş təmas xəttindən kənar ərazilərdə baş vermiş partlayışlar nəticəsində həlak olub və ya müxtəlif dərəcədə xəsarət alıb”.